BAKI, 27 avqust. TELEQRAF
Ümumi balı 150, imtahanın ikinci mərhələsi üzrə balı isə 50-dən az olmayan abituriyentlərin seçə biləcəyi yerlərin əksəriyyəti tamamilə dolub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə dair statistik hesabatında bildirilib.
Bildirilib ki, I ixtisas qrupunun Rİ (Riyaziyyat-İnformatika) altqrupunda, eləcə də II və III ixtisas qruplarında ümumi balı 150 və ikinci mərhələ balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə heç bir boş plan yeri qalmayıb.
Aşağı bal toplamaqla ali məktəbə qəbul olmaq istəyən abituriyentlər üçün IV ixtisas qrupunda cəmi iki ixtisas üzrə boş yer mövcuddur. Həmin şərtlər daxilində hazırda cəmi 161 abituriyent müsabiqədə iştirak edə bilər. Onların seçə biləcəyi yeganə ixtisaslar bunlardır:
Bağçılıq və tərəvəzçilik (tədris ingilis dilində)
Su bioehtiyatları və akvakultura
Xatırladaq ki, boş qalan plan yerlərinin tam və rəsmi siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub. Ali təhsil müəssisələrinə birinci mərhələdə qəbul olan şəxslər isə avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00) "my.gov.az" portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.