BAKI, 26 avqust. TELEQRAF

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Mirik kəndindən olan Balakişiyevlər ailəsinin həyat hekayəsini əks etdirən videoçarx hazırlayıb.

Komitədən Teleqraf-a verilən məlumata görə, videoçarxda ailənin işğaldan əvvəlki və Qələbədən sonrakı foto və video kadrları, eləcə də ailə üzvlərinin xatirələri yer alıb.

Ekran işində Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən sakinlərin çətin məcburi köçkünlük illəri və torpaqlarımızın azad olunmasından sonra doğma ocaqlarına qayıdış inamı əks olunub.

Vurğulanıb ki, Müzəffər Azərbaycan Ordusunun Qələbəsindən sonra Mirik kəndindəki evlərinin xarabalıqları qalmış həyətini ziyarət edən Balakişiyevlər ailəsi tezliklə doğma yurdda daimi yaşayacaqlarına böyük inam bəsləyirlər.

Qeyd edək ki, videoçarx Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlib.