BAKI, 26 avqust. TELEQRAF
Azərbaycan futbolunda son illərin ən diqqətçəkən hekayələrindən biri “Sabah”ın Valdas Dambrauskas rəhbərliyi altında keçdiyi yoldur. Litvalı mütəxəssis Bakıya gəldiyi ilk mövsümdə komandanı Azərbaycan çempionluğuna daşıdı. Daha sonra isə klubun Avropada tarixinin ən böyük nəticələrindən birinə imza atmasına rəhbərlik etdi. Bu uğurun arxasında təkcə bir mövsümlük yüksəliş yox, müxtəlif ölkələrdə formalaşmış zəngin məşqçilik təcrübəsi dayanır.
Teleqraf xəbər verir ki, 1977-ci ildə Litvada anadan olan Valdas Dambrauskas futbolçu kimi yox, məşqçi olaraq özünü təsdiqləməyi seçib.
Onun karyerasında İngiltərə təcrübəsinin xüsusi yeri var. Gənc yaşlarında burada məşqçilik və idman elmləri üzrə təhsil alıb, müxtəlif akademiyalarda çalışaraq müasir futbolun metodologiyasını öyrənib. O, ilk rəsmi məşqçilik fəaliyyətinə isə 2007-ci ildə İngiltərənin aşağı liqalarında çıxış edən “Kingsbury London Tigers” klubunda başlayıb.
Sonradan Litvaya qayıdan mütəxəssis “Jalgiris”də özünü göstərməyə başlayıb. Onun rəhbərliyi altında Vilnüs klubu iki dəfə Litva çempionu olub, həmçinin ölkə kubokunu və Superkuboku qazanıb. Bu nəticələr Dambrauskasa ölkə xaricində işləmək üçün imkan yaradıb. O, Latviya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Kipr və Macarıstanda işləyib.
Latviyanın "RFS" klubunda çalışan mütəxəssis ölkə kubokunu qazanıb. Daha sonra Bolqarıstanın “Ludoqorets” klubunda çempionluğa nail olub. Xorvatiyanın “Hayduk” klubu ilə isə ölkə kubokunu qaldırıb. Beləliklə, o “Sabah” futbol klubuna qədər müxtəlif ölkələrin milli çempionat və kuboklarında bir sıra titullar qazanmışdı.
Dambrauskasın yolu 2025-ci ilin iyununda “Sabah” futbol klubu ilə kəsişdi. Klubla üçillik müqavilə imzaladı. Məşqçinin qarşısında əsas missiyalardan biri komandanı daxili yarışlarda daha stabil və iddialı vəziyyətə gətirmək idi. Nəticə isə gözləntiləri daha da üstələdi. 2025-2026 mövsümündə "Sabah" Azərbaycan çempionu oldu. Bu, klub tarixində ilk çempionluq idi. Bununla yanaşı eyni mövsümdə komanda Azərbaycan Kubokunu da qazandı. Beləliklə, Dambrauskas Azərbaycandakı ilk mövsümünü iki yerli titulla başa vurdu.
2026/27 mövsümündə "Sabah” ilk dəfə Çempionlar Liqasının təsnifatında iştirak etdi və ardıcıl mərhələləri keçərək turnirin pley-off mərhələsinə yüksəldi. "Sabah" tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında 6 oyun keçirdi, bunlardan 5-də qalib gəldi.
İndi Azərbaycanın "Sabah” klubu Çempionlar Liqasında tarix yazaraq qrup mərhələsinə vəsiqə qazanıb. Bu qələbədə ən böyük pay sahibi olanlardan biri də məhz klubun baş məşqçiçi Valdas Dambrauskas və onun futbolçularıdır.