BAKI, 25 avqust. TELEQRAF
Bir neçə gün öncə imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin mətnində gənclərin qarşılıqlı layihələrdə və proqramlarda iştirakı, gənc alimlərin əməkdaşlıq perspektivləri kimi məsələləri oxuyarkən təxminən yüz il əvvəl İstanbulda yaradılmış bir ittifaq yadıma düşdü. 1920-ci illərdə İstanbulda qurulmuş Azəri Türk Gənclər Birliyi ilə əsasən özbək türklərinin təmsil olunduğu Türküstan Türk Gənclər Birliyi arasındakı ittifaq sözləşməsi iki məmləkət arasındakı ortaq dəyərlərin, ortaq mübarizənin simvolu idi.
Azəri Türk Gənclər Birliyi 1924-cü ildə İstanbulda yaradılıb. Müsavat Firqəsinin Xarici Bürosunun nəzdində Azərbaycan Gənclər Birliyi adı ilə təsis edilib. Təşkilatın ilk sədri Cümhuriyyət parlamentinin üzvlərindən Məhəmmədsadıq Axundzadə (Aran), katibi isə İsmayıl Sarı İmamqulu oğlu olub. Təşkilatın keçirdiyi tədbirlər haqqında “Yeni Kafkasya”, “Azeri Türk”, “Odlu Yurt” kimi mühacirətdə çıxan jurnallarla yanaşı Türkiyənin “Cumhuriyet”, “Akşam” kimi qəzetlərində də bilgilər verilib. Təşkilatın adı bəzi qəzetlərdə Azərbaycan Gənclər Birliyi kimi verilsə də, sonradan daha çox Azəri Türk Gənclər Birliyi şəklində davam edib. Buna görədir ki, mətbuatda təşkilatın ildönümü ilə bağlı baş tutan tədbirlər haqqındakı bilgilərdə 1926-cı ildə qurulduğu qeyd olunub. Böyük ehtimalla təşkilat 1924-1926-cı illərdə Azərbaycan Gənclər Birliyi kimi, daha sonra Azəri Türk Gənclər Birliyi olaraq fəaliyyət göstərib. “Yeni Kafkasya” jurnalındakı xəbərə görə, 1926-cı ildə İstanbul valiliyi Azəri Türk Gənclər Birliyinin nizamnaməsini təsdiq edib.
Türküstan Türk Gənclər Birliyi 1927-ci ildə İstanbulda təsis edilib. Doktor Məcdəddin Əhməd Dəlil bəyin rəyasətində cəmiyyətin nizamnaməsi hazırlanıb. Nizamnaməyə əsasən ilk idarə heyəti yeddi nəfər təsbit olunub, sədr Əhməd Sekuri seçilib. 23 maddəlik nizamnamə İstanbulda müvafiq qurum tərəfindən təsdiqləndikdən sonra təşkilat 29 sentyabr 1927-ci ildən etibarən rəsmi şəkildə işə başlayıb. Özünə bayraq və marş qəbul edən təşkilat elmi, mədəni fəaliyyət göstərəcək, siyasi məsələlərə qarışmayacaqdı.
.jpg)
2 dekabr 1927-ci ildə baş tutan ilk qurultayda nizamnamə genişləndirilib, idarə heyətinin yeni tərkibi seçilib. Yeni sədr Məcdəddin Dəlil olub. 1 iyun 1928-ci ildə baş tutan ikinci qurultayda 58 maddəlik nizamnamə qəbul edilib. 17 iyun 1932-ci ildə keçirilən illik qurultayda Doktor Saleh bəy, 25 avqust 1933-cü ildə Nurəddin bəy, 8 dekabr 1935-ci ildə isə Əhmədcan İbrahim Okay sədr seçiliblər.
Məcdəddin Dəlilin sədrliyi dövründə Azəri Türk Gənclər Birliyi ilə Türküstan Türk Gənclər Birliyi arasında bir saziş imzalanıb. 1928-ci ildə baş tutan bu sazişdə sözügedən ittifaqın yaradılmasının səbəbi belə ifadə edilib:
“Qonşu və qardaş Azərbaycan və Türkistan ölkələrinin qarşıya qoyduğu məqsəd və məramlar eyni, mənafeləri isə ortaqdır. Bu iki ölkə işğalçı şimal rus barbarlarının müstəbid çar hakimiyyətinin istilası altında bir əsrdən artıq müddət ərzində inləmişdir. Bu əsarəti türk şanına yaraşdırmayan hər iki ölkə müxtəlif vasitələrlə işğalçılara qarşı daim üsyan etmiş və bu məhkumiyyətə heç vaxt boyun əyməmişdir. Son Rusiya inqilabından sonra istiqlallarını qorumaq üçün mübarizə aparmış və buna nail də olmuşdular. Lakin bu dəfə həmin sevimli türk ölkələri keçmiş çar Rusiyasının yerinə bolşevik maskası altında qızıl rusların xaincəsinə istilasına məruz qalmışdır. Gənclik əlindən alınmış bu müqəddəs istiqlalı geri qaytarmağa qətiyyətlə qərar vermiş, məhkumiyyət və əsarət zənciri əvəzinə şərəflə ölməyi üstün tutaraq Rusiyaya qarşı mübarizə aparmağa and içmişdir.
Son bolşevik istilasından sonra hər iki ölkədən müxtəlif səbəblərlə xaricə çıxmış ziyalı gənclərin bir qismi bu gün azad və müstəqil qardaş Türkiyənin bayrağı altında əsir vətənlərinin istiqlalı, tərbiyəsi və tərəqqisi uğrunda böyük əzm və sarsılmaz imanla çalışırlar. Hər iki gəncliyin hədəfi eyni, məqsəd və mənafeyi ortaqdır:
Türkə, türk torpağına yaraşmayan işğal kabusunu bu iki türk ölkəsinin üzərindən qovmaq və onun yerinə azadlıq və hürriyyət gətirmək məsələsində hər iki gənclik eyni cəbhədə müttəfiq olduğuna görə məqsədlərin tezliklə həyata keçməsi və qarşıya qoyulan məramın mümkün qədər qısa müddətdə reallaşması üçün qardaş Azərbaycan-Türkistan gənclərinin əl-ələ verərək müttəfiq şəkildə fəaliyyət göstərmələri vacibdir. Onlar yalnız xilas mübarizəsində deyil, eyni zamanda elm, mədəniyyət və tərbiyə sahələrində də çiyin-çiyinə addımlamalıdırlar. Buna görə də ortaq mənafeləri nəzərə alaraq hər iki gəncliyin iştirakı ilə bir federasiyanın yaradılmasının zəruriliyinə əmin olduq.
Federasiya aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərəcəkdir:
Federasiya hər iki ölkəni və gəncliyi maraqlandıran məsələlərlə məşğul olacaqdır. Lakin həm Azərbaycan Gənclər Birliyi, həm də Türkistan Gənclər Birliyi öz daxili işlərində müstəqil olacaq və federasiya onların daxili işlərinə müdaxilə etməyəcəkdir.
Federasiya birliklərin Türkiyə Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş proqramı çərçivəsində birgə fəaliyyət göstərəcəkdir.
Federasiya hər iki birlikdən iki nəfər olmaqla, ümumilikdə dörd nümayəndədən ibarət olacaqdır.
Yuxarıda qeyd edilən heyət üç il müddətinə fəaliyyət göstərəcək, hər ilin əvvəlində qurultay keçirərək fəaliyyəti haqqında hesabatlar hazırlayacaqdır. Bu qurultay hər iki gənclər birliyinin üzvlərinin ümumi yığıncağı ilə həyata keçiriləcəkdir.
Müvəqqəti olaraq tərtib və imza edilmiş bu yuxarıda qeyd olunan maddələrə gələcəkdə zəruri hesab edilən digər maddələr də əlavə edilə bilər.

Bu saziş iki nüsxədə hazırlanmış və imzalandıqdan sonra tərəflər arasında dəyişdirilmişdir.
Federasiyanın müvəqqəti olaraq məşğul olacağı vəzifələr:
a) Hər iki Gənclər Birliyi üçün münasib və əlverişli bir bina əldə edilməsi istiqamətində çalışmaq;
b) Gənclər Birliyinin üzvləri üçün gecələr və konfranslar təşkil etməklə, hər iki ölkənin gəncliyinin bir-biri ilə həqiqi təmasını təmin etmək üçün çalışmaq;
c) Türkiyə Respublikası daxilində və xarici ölkələrdəki elmi və texniki müəssisələri görmək, onların sivilizasiya sahəsində tərəqqi və yüksəliş uğrunda həyata keçirdikləri təşəbbüsləri yaxından öyrənmək, eyni zamanda özümüzü onlara tanıtmaq məqsədi daşıyan faydalı səfər və səyahətlər təşkil etmək”.
Gənclər təşkilatları arasındakı bu ittifaq kağız üzərində qalmayıb, əməli şəkildə də həyata keçirilib. Məsələn, 1930-cu ilin sonlarında Türkistan Türk Gənclər Birliyinin təsis ildönümü münasibətilə təşkil olunan tədbirlərdə Azərbaycan Türk Gənclər Birliyi də iştirak edib.
Türkistan Türk Gənclər Birliyi fəaliyyəti çərçivəsində konfranslar verib, kitablar nəşr ediblər. Buxara Xalq Cümhuriyyətinin prezidenti Osman Kocaoğlunun Türküstan mövzusundakı mühazirəsi 1936-cı ildə çap olunub. Bu, təşkilatın ilk kitabı idi. Davamında altı kitab da işıq üzü görüb. Sonrakı illərdə Məhərrəm Feyzi Toqay, Cəfər Seydahməd Krımər, Abdulla Zihni Soysal, İbrahim Yarkın kimi şəxslər də mühazirə oxuyublar.
Təşkilat türküstanlı tələbələrə təqaüd verib, kitabxana formalaşdırıb, Tarsus bölgəsində bir şəhidlik abidəsi qoyublar.
Türkistan Türk Gənclər Birliyi 1940-cı ilədək fəaliyyət göstərib, üzvlər daha sonra Türk Kültür Birliyi adı altında toplaşıblar.
Şəxsi arxivimizdə bu təşkilata aid bir neçə fotoşəkil mövcuddur. Həmin fotoları təqdim edirik.
Qeyd: Azərbaycan gəncləri ilə ittifaqa meyil göstərən və sazişə imza özbək türklərindən Məcdəddin Dəlil haqqında növbəti yazımızda məlumat verəcəyik.