BAKI, 26 avqust. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Tofiq müəllim, Ermənistan tərəfindən sərhədlərin delimitasiyası ilə bağlı verilən mesajlar nəyi ehtiva edir? Hər iki ölkə üçün sərhədlərin dəqiqləşdirilməsi məsələsində anklavlar və ekslavların qarşılıqlı mübadilə yolu ilə həlli aktualdır. Bu zaman keçmiş sovet dövrünə aid xəritələrdən hansı halda istifadə oluna bilər?

- Əslində erməni tərəfinin verdiyi bu mesajlara heç də müsbət kontekstdən yanaşmaq doğru olmaz. Formal olaraq Ermənistan tərəfi özünü konstruktiv göstərməyə çalışır. Amma faktiki olaraq Baş nazir Nikol Paşinyan özünün köhnə yanaşmasını sərgiləməklə 1975-ci ilin xəritələri əsasında Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasının mümkünlüyünü iddia edir.

- Bakının bu yanaşmaya dair mövqeyi necədir?

- Sözsüz ki, bu, Azərbaycan tərəfindən bu qəbul olunmayıb. Çünki keçmiş sovet dövrünə aid bütün xəritələr sərhədlərin dəqiqləşdirilməsi məsələsində nəzərə alınmalıdır.

- Bu arqument nəyə əsaslanır?

- 1920-ci ildən 1991-ci ilə qədər olan müddətdə müxtəlif dövrlərə aid olan xəritələr Azərbaycanla Ermənistan arasındakı delimitasiya və demarkasiya prosesində istifadə oluna bilər.

- Ermənistan tərəfi niyə 1975-ci ilə aid xəritələri davamlı olaraq gündəmə gətirir?

- Paşinyan davamlı olaraq 1975-ci ilin vəziyyətini təbliğ etməyə çalışır. Çünki keçmiş sovet dövründə ermənilərə 1920-ci ildən başlayaraq 1975-ci ilə qədər Azərbaycandan qoparılmış ərazilərin verilməsi hesabına bəlli bir sərhəd, yəni qarşı tərəfə sərf edən bir vəziyyət yaranmışdı.

Ermənistan bu səbəbdən məhz həmin dövrü əsas götürərək gündəmə daşımağa çalışır.

- Belə çıxır ki, söhbət tarixi Azərbaycan ərazilərinin mənimsənilməsinin qanuniləşdirilməsindən gedir…

- Ermənistanın da məqsədi məhz budur ki, Azərbaycan özünün tarixi torpaqlarını onlara güzəştə gedilməsi ilə barışsın və rəsmi olaraq onu tanısın. Əslində, onlar təqdim etdikləri sərhədlərlə bağlı beynəlxalq qanunlara-filan istinad edirlər. Eyni zamanda onların həmin sərhədlərdən imtina ilə bağlı yanaşmaları da var. Bu yanaşmada ziddiyyətli məqam məhz budur.

Çünki Ermənistanın hazırkı konstitusiyasında keçmiş “Dağlıq Qarabağı” öz ərazilərinə birləşdiriblər. Bundan sonra isə öz aləmlərində yeni bir sərhəd müəyyənləşdiriblər. Bu o deməkdir ki, köhnə sərhədlərdən imtina ediblər.

İndi isə müsbət bəyanatlar səsləndirməklə tarixi yalanı, saxtakarlığı ört-basdır etməyə çalışırlar. Bu isə başdan-ayağa fırıldaqdır.

- Ermənistanın konstutusiyasının dəyişdirilməsi, yeni mətnin artıq hazırlananması fikirləri də səslənib. Bu halda sərhəd məsələsinə yanaşmalar necə olacaq?

- Bu, onların daxili işidir. Delimitasiya ilə bağlı əsasnamə qəbul edilib. Burada da göstərilib ki, 1975-ci ilin xəritələri yox, ümumilikdə keçmiş sovet dövrünə aid xəritələr əsasında delimitasiya və demarkasiyanın aparılması mümkün ola bilər.

- Sizcə, tarixi Azərbaycan torpaqları ilə bağlı anlayışlar necə təmin olunmalıdır?

- Anklav, Göyçə mahalı, Zəngəzur anlayışları var. Bu ərazilər keçmiş sovet dövründə Ermənistana verilmiş tarixi Azərbaycan torpaqlarıdır.

Mehri rayonu və dəmir yolunun keçdiyi ərazilər Azərbaycana aiddir. Sadəcə dönüb sovet dövründəki faktlara baxmaqla hansı illərdə Azərbaycana aid ərazilərin Ermənistana verildiyini görmək mümkündür. Bunlar hamısı indiki halda delimitasiya və demarkasiya məsələsində həll olunmalıdır.