BAKI, 26 avqust. TELEQRAF

İran İsrail Baş naziri Benyamin Netanyahunun 35 yaşlı oğlu Yair Netanyahunu ABŞ-nin Florida ştatında öldürməyi planlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Newsmax” məlumat yayıb.

Benyamin Netanyahunun özü də bundan əvvəl Tehranın onun oğullarından birinə qarşı sui-qəsd planlaşdırdığını bəyan etsə də, ad çəkməmişdi.

“Newsmax” bu məsələ barədə ABŞ hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla yazıb ki, planın hədəfi Yair Netanyahu olub. Yair həmin vaxt Mayami şəhərində olub.

Mənbənin sözlərinə görə, İsrail kəşfiyyatı ötən ilin dekabrında İranın Floridada Yairi öldürmək planından xəbər tutub və bu barədə ABŞ rəsmilərinə məlumat verib. Qeyd edilib ki, İranla əlaqəli şəxslərin Mayamidə olduqları və Yairin yaşdığı yeri və hərəkətlərini izlədikləri güman edilir.

Daim İsrailin təhlükəsizlik qrupu tərəfindən qorunan Yairə dərhal Floridanı tərk etməsi bildirilib. O, şəxsi əşyalarını belə götürmədən İsrailə qayıdıb və hazırda bu ölkədə yaşayır.