BAKI, 26 avqust. TELEQRAF

“Çox istəyirdilər ki, atamı məhkəməyə gətirsinlər, amma həkimlər bunun mümkün olmadığını bildirdilər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, “Hayastan” fraksiyasının deputatı Levon Köçəryan deyib.

O həmçinin qeyd edib ki, bu gün saat 08:00-da Köçəryanın saxlanılma müddəti başa çatıb: “Bundan sonra yeni qərar əsasında 24 saat ərzində onun barəsində saxlanılma tədbirinin seçilməsi üçün yenidən vəsatət təqdim olunub”.

Robert Köçəryan hazırda tibbi müayinədən keçirilir. Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinin məlumatına görə, zəruri tibbi müayinələr başa çatdıqdan sonra məhkəməyə çıxarılacaq. Məhkəmədə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Ermənistan Baş Prokurorluğu dünən Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açıb. Bu iş çərçivəsində onun böyük oğlu Sedrak Köçəryan və daha doqquz nəfər həbs edilib.

Dünən Korrupsiyaya qarşı Mübarizə Komitəsində dindirilmə zamanı Robert Köçəryanın səhhəti pisləşib və dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.