BAKI, 26 avqust. TELEQRAF

“Ermənistan Rusiya ilə münasibətləri pisləşdirmək üçün heç bir addım atmır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.

“Əksinə, biz normal, mehriban qonşuluq və dostluq münasibətlərinin olması üçün hər şeyi etmişik və etməyə davam edirik”, - spiker bildirib.

Rubinyan əlavə edib ki, Moskva tərəfindən Ermənistana qarşı tətbiq edilən ədalətsiz və əsassız məhdudiyyətlər nə Ermənistan-Rusiya münasibətlərinin ruhuna, nə də Avrasiya İqtisadi Birliyinin (AİB) qaydalarına uyğundur.

Avropa İttifaqına üzvlük məsələsinə toxunan parlament sədri qeyd edib ki, Brüssel Ermənistanın müraciət etməsi və üzvlük istiqamətində addım atması üçün səy göstərir.

“Onlar (Rusiya) daim deyirlər ki, biz referendum keçirməliyik. Referendum isə yalnız məsələ dəqiq şəkildə formalaşdırıldıqda və həmin məsələdən irəli gələn şərtlər məlum olduqda keçirilə bilər”, - o vurğulayıb.

Ruben Rubinyan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Ermənistanın öz seçimini etməkdə azad olduğu barədə açıqlamasına da münasibət bildirib: “Biz onsuz da bilirdik ki, İrəvan öz seçimində azaddır və bundan sonra da öz seçimini etməkdə həmişə azad olacaq”.

Spiker əlavə edib ki, Ermənistanı Avropa İttifaqı ilə yaxınlaşmağa sövq edənlər AİB ölkələridir.