BAKI, 21 avqust. TELEQRAF
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə gəldikdə qeyd etmək lazımdır ki, son illərdə bu əlaqələr müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər kimi mühüm amillər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməlini təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib:
“Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərin müzakirəsi üçün çox vacib nüfuzlu platformalardan biridir.
Keçən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edildi. Bu prosesdə göstərdikləri dəstəyə görə Özbəkistan Respublikasının Prezidentinə, həmçinin Mərkəzi Asiyanın digər dövlət başçılarına bir daha səmimi təşəkkürümü bildirirəm".
Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb:
"Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Məşvərət görüşləri çərçivəsində aparılan diskussiyalar region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verir.
Həmçinin Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir. Bu platforma çərçivəsində yaradılmış dialoq və əməkdaşlıq mexanizmləri təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də Avrasiya məkanında sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir.
Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir.
Azərbaycan və Özbəkistan, həmçinin üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.
Bu gözəl imkandan istifadə edərək, qardaş Özbəkistan xalqını ölkənin dövlət müstəqilliyinin qarşıdan gələn 35-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik etmək, dərin hörmətimi və ən xoş arzularımı çatdırmaq, sülh, əmin-amanlıq, tərəqqi və yeni-yeni nailiyyətlər arzulamaq istərdim”.