LAÇIN, 21 avqust. TELEQRAF

“Biz ayrıldığımız gün dedilər ki, vəziyyət çox pisdir. İmkan olduqca qadınlar kənddən çıxsın. Qohumlar rayona gəlmişdilər, maşın gətirmişdilər. Biz də həmin maşınla Ağcabədiyə gəldik, onlar isə kənddə qaldılar. Hamımız ayrı-ayrı yerlərə düşdük. Sonra bir dəfə Füzuli rayonunda xalamgilə gəldi. Cəmi 5-10 dəqiqə qaldı. Hal-əhval tutdu, dedi ki, kəndə qayıdıram. Son görüşümüz belə oldu”.

Bu barədə şəhid Cümşüd Məmmədovun həyat yoldaşı Xırda Məmmədova Teleqraf-ın Qarabağ bürosuna müsahibəsi zamanı bildirib.

O, həyat yoldaşının itkin düşmə xəbərini və nəşinin tapılma prosesini belə xatırlayıb:

“Onun itkin düşməsi məlum idi. Mayın 18-də Laçın rayonunun işğalından sonra bildim ki, ondan xəbər yoxdur. Tapılması ilə bağlı isə avqustun 8-də zəng etdilər. Avqustun 10-da gedib öyrəndik ki, nəşi tapılıb. İnsan çox pis olur. Bu, çox ağır işdir, ağır yükdür. Nə hiss etdiyini sözlə ifadə etmək çətindir. Həm üzülürəm, həm də sevinirəm. 34 ildən sonra itkinimizin nəşi tapılıb. Onu gətirib istədiyimiz kimi dəfn etdik”.

Xırda Məmmədova göstərilən diqqətə görə minnətdarlığını da ifadə edib:

“Allah dövlətimizi var eləsin, xalqımızı var eləsin. Bu gün dəfn mərasiminə gələn hər kəs sağ olsun. Allah hamısından razı olsun”.