BAKI, 7 avqust. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial ödənişlərin birlikdə aylıq ümumi məbləğini açıqlayıb.
Bu barədə Teleqraf-a nazirlikdən bildirilib.
Qeyd olunub ki, Sosial xidmət müəssisələrindən valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşağı övladlığa götürən və ya ona himayədar ailə olan şəxslərə uşağın övladlığa götürülməsinə və ya himayədar ailəyə verilməsinə görə aylıq sosial ödənişlərlə bərabər, uşağa əlilliyinə və ona qulluğa görə təyin edilmiş bütün aylıq ödənişlər də verilir.
Bu sosial ödənişlərin birlikdə aylıq ümumi məbləği:
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşaq üçün
övladlığa götürüldükdə 1270 manat (gözdən əlilliyi müəyyən edilmiş uşaq olduqda 1370 manat);
himayədar ailəyə verildikdə 0–6 yaş arası uşağa görə 1170 manat, 7–13 yaş arası uşağa görə 1270 manat və 14–18 yaş arası uşağa görə 1320 manat (gözdən əlilliyi müəyyən edilmiş uşaq olduqda müvafiq olaraq 1270 manat, 1370 manat və 1420 manat);
orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşaq üçün
övladlığa götürüldükdə 970 manat;
himayədar ailəyə verildikdə müvafiq yaş kateqoriyalarına uyğun olaraq 870 manat, 970 manat və 1020 manat;
orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşaq üçün
övladlığa götürüldükdə 900 manat;
himayədar ailəyə verildikdə müvafiq yaş kateqoriyalarına uyğun olaraq 800 manat, 900 manat və 950 manat təşkil edir.
Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin edilirlər.