BAKI, 30 iyul. TELEQRAF
Cari ildə daha 25 nəfər insan alveri qurbanı və potensial insan alveri qurbanına (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxsə) sosial-hüquqi, sosial-iqtisadi, sosial-psixoloji və tibbi-sosial xidmətlər göstərilib.
Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən həmin zərərçəkmiş şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilib və həyata keçirilib.
İnsan alveri qurbanları və potensial insan alveri qurbanları aktiv məşğulluq proqramlarına cəlb edilməklə, onların məşğulluğuna da dəstək göstərilir. Eyni zamanda insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün bölgələrdə maarifləndirici tədbirlər də həyata keçirilir", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir.