BAKI, 22 iyul. TELEQRAF

Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyun ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 422 818 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

"Bu vəsaitlərin 92 faizi əməkhaqqı, 8 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub", - məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 57 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.