BAKI, 28 iyun. TELEQRAF
Teleqraf.az Azərbaycan Cümhuriyyəti zabitlərindən Yavər Şəkilinin mühacirətdə yazdığı xatirələrinin üçüncü qismini təqdim edir.
***
Səfərin ikinci günü qoşun əhalisi sıx, gözəl kəndlərə, bağlara, əkilmiş tarlalara və s. malik olan bir mahala girdi. (Əhərə qədər dağıntıdan və xarabalıqdan başqa bir şey görməmişdik.) Bu kəndlər əsgərlərimizi səmimi bir məhəbbətlə qarşıladı, əlindən gələn hörməti əsirgəmədi. Bir az sonra bu yerlərin Əmir Ərşədə aid olduğu məlum oldu. Dünyagörüşlü, insanpərvər bir adam olan Əmir Ərşəd alay zabitlərini yeməyə dəvət etdi. Yeməkdən dönən zabitlər ondan razı qaldıqlarını bildirdilər. Bu xoş qarşılanmaya əvəz olaraq ona bir və ya iki pulemyot verildi. Pulemyotun iki əsgəri könüllü olaraq orada qalmağa razı oldu. Əmir Ərşədin silahlı qüvvələrini İslamı qəbul edərək burada evlənmiş keçmiş bir rus kazakı idarə edirdi.
Əmir Ərşədin torpaqlarında ikən Nuru paşa ilə general Yadigar bəyin qoşunu Naxçıvan bölgəsinə dəvət edən məktubları yetişdi. Qoşun şimal istiqamətini tutaraq iki gün sonra Ordubad yaxınlığında Araz sahilinə gəldi. Ertəsi günü tezdən alay Arazı keçərək Ordubada girdi. Alay İrandan təxminən iyulun ilk günlərində çıxmış və bütün sursat və mərmilərini İranda sərf edib bitirmişdi. Atlar zəifləmiş və axsayırdılar, nalları yeyilmişdi. Qoşun say etibarilə də azalmışdı: piyada hissələri, demək olar ki, tamamilə İranda qalmışdı; bir qismi Əhərdə qalmış, bir qismi də Təbrizə getmişdi. İrandan çıxan yalnız süvari Tatar alayı və atları ilə birlikdə topçular olmuşdu. Süvari alayından İranda qalıb pulemyotları, topları, atları və hərbi sursatı satmağı təklif edən zabitlər də vardı. Lakin əksəriyyət bu kimi təklifləri hiddətlə rədd edirdi və bu sayədə qoşun qorunub saxlanılırdı. Nəticədə qoşun daha təmiz və yekcins bir hala gəlmişdi: bütün qeyri-döyüşçü qruplar qoşunun döyüşçü hissəsindən ayrılıb qalmışdılar.
“İnsanlar özlərini Araza atırdılar…”
Atların zəifliyi səbəbindən qoşun Ordubadda üç gün dayanmaq məcburiyyətində qaldı. Naxçıvandan isə həyəcanlı xəbərlər gəlirdi; bir tərəfdən erməni qüvvələrinin hücumu, digər tərəfdən isə qırmızı ordunun Zəngəzur xətti ilə gəlməsi gözlənilirdi. Alay sürətli bir yürüşlə Naxçıvana hərəkət etdi, oradan da Şahtaxtı yolu ilə Noraşen stansiyasına getdi. Naxçıvanda ikən orada olan səhra toplarından bir batareya təşkil olundu, lakin mərmi və sürsat, demək olar ki, yox dərəcəsində idi. Naxçıvan əhalisinə Bəyaziddən bir türk piyada taboru da göndərilmişdi. Lakin bu da tam heyətdə deyildi. Bu tabor süvari Tatar alayımızla birlikdə düşməni Noraşenin şimalındakı təpələrdə dayandırmağa çalışırdı. Lakin yüz minlərlə insanı bürüyən panika müdafiəni çətinləşdirirdi. Naxçıvan düzənliyinə aparan yolu müdafiə edən təpələrdə döyüş yarım gündən çox belə davam etmədi. Düşmən nizamlı piyada və süvari qüvvələrinə, kifayət qədər topa, ən mühümü isə sonsuz miqdarda sursata malik idi. Bu yolla həm işğal edilmiş bölgələrdə, həm də döyüş meydanı olan yerlərdəki kənd əhalisi arasında panika asanlıqla dərinləşirdi. Əhali bütün var-yoxunu və bol məhsulunu buraxaraq qaçmağa üz tutmuşdu (tarlalarda məhsul toplanmışdı).
Əhali qaçır, alay da döyüş xəttini təmizləməyə başlayırdı. Çünki sursatsız müharibədən bəhs edilə bilməzdi. Süvari döyüşü üçün isə atların taqəti yox idi. Süvarilər nizə və qılıncların bir qismini də Qaradağ dağlarında buraxmışdılar. Lakin komandanlıq daha enerjili tədbirlər görüb Naxçıvan partizanlarının atlarından istifadəni təmin etmiş olsaydı, yalnız gecə hücumu ilə düşməni püskürtmək mümkün olardı. Naxçıvanın kişi əhalisi o qədər çox idi ki, onlardan partizan tipli də olsa, 2–3 diviziya təşkil edilə bilərdi. Belə bir qüvvəni idarə etmək üçün süvari alayının zabit heyəti kifayət edəcək miqdarda idi. Qoşun rəisi burada da zəiflik göstərdi və qaçan əhalinin ardınca alayla birlikdə geri çəkilməyə başladı. Əhalini isə elə bir panika bürümüşdü ki, insanlar özlərini Araza atır, qadınlar qucaqdakı uşaqlarını alay atlarının ayaqları altına fırladır, ailə başçıları isə bir çox hallarda intihar edirdilər. Enerjili tədbirlər vəziyyəti xilas etməsə də, hər halda düzəldə biləcəyini aşağıdakı sətirlər sübut etməkdədir:
Ümumi geri çəkilmə əsnasında leytenant K. 50 süvari ilə “düşmən cinahında hərəkət etmək” əmrini aldı. Leytenant K. ikinci bölükdən yalnız 12 kişi götürdü və atları bir az yürüyə bilən bu süvarilərlə irəliləməkdə olan düşmənin sol cinahını əhatə etməyə başladı. Yolda geri çəkilməkdə olan 18 partizan süvarisi də bunlara qoşuldu. Bu 30 süvari ilə leytenant K. düşmənin arxasına keçib düşmən hərbi qərargahının gözü önündə 4–5 saat manevr etməyə və eyni zamanda partizanları hərbi üsullara alışdırmaqla məşğul olmağa müvəffəq oldu. Düşmən bu qrupa qarşı bir süvari bölüyü göndərdi. Lakin düşmən bölüyü süvari alayının bu qrupuna hücum etməyə cəsarət etməyib yalnız alınan əmrə əsasən çəkilməyə başlayarkən təqiblə kifayətləndi. Manevr isə öz təsirini göstərmişdi. Düşmən arxasında və ətrafında gördüyü partizan atlılarından qorxaraq hücumunun sürətini azaltdı.
Cəsarətlə iddia edə bilərik ki, Azərbaycan hökuməti böyük hərbi hissələrin başına daha peşəkar zabitlər qoysaydı, bir çox şeylər başqa cür nəticələnər, proseslər fərqli şəkildə cərəyan edərdi. Hərb sənəti heç də mexaniki şəkildə irəli və geri yürüməkdən ibarət deyildir. İrəli, hücuma getmək mümkün olmadığı zaman düşmənə şiddətlə müqavimət göstərilə və yaxud müxtəlif şəkillərdə manevr edilə bilər. Azərbaycanda hadisələrin cərəyan etdiyi sahələr bu manevr hərəkətlərinə daima əlverişli olmuşdur. Partizan müharibələrində isə başlıca rol manevr hərəkətləridir. Tam mənası ilə bir oyun olan bu hərəkətlər düşmənin təxəyyülünə və əsəblərinə olduqca təsir göstərir. Komandirlər bunu hər zaman unudur və irəli hərəkət mümkün olmadığı təqdirdə işi geri çəkilməklə həll edirdilər.
Səbəb nə olursa olsun, nəticə acı idi: Naxçıvan səfəri də itirilmişdi. Buna qarşılıq zavallı əhali zərər çəkdi. Düşmən müqavimət görmədən bu zəngin əyalətin şimal hissəsini işğal etdi, tarlalarda hazır duran məhsulu, kəndlərdə buraxılan sərvəti yağmalayaraq apardı, yerdə qalanları isə atəşə verərək yandırdı.
Süvari alayı Şahtaxtıya gələrək yerləşdi və atları istirahətə buraxdı. Burada heyvanlar üçün istənilən miqdarda yem vardı. Buna qarşılıq alay bir güllə, bir mərmi belə tapa bilmədi. Alay əsgərlərinin hər birində 10-20-dən çox güllə yox idi.
Birinci süvari Tatar alayı Şahtaxtıda tam 10 gün qaldı. Alay zabitləri tərəfindən Naxçıvan fəlakətinin acı mahiyyətini soyuqqanlılıqla qiymətləndirmək üçün bu müddət kifayət idi. Bəli, Naxçıvan fəlakəti! Buradakı əhalini istila etmiş olan panikaya başqa ad vermək olmazdı. Uşaq, qadın və başını itirmiş kişidən ibarət on minlərlə insan karvanının şimaldan cənuba, İran sərhədinə doğru axdığını, bir-birini basaraq, əzərək qaçdığını, anaların və ataların uşaqlarına belə acımadıqlarını, Arazın insan cəsədləri ilə dolmuş olduğunu alay əsla unuda bilməzdi. Bu karvanın bir qismi İrana keçməyə müvəffəq olmuşdu. Lakin bir neçə gün sonra təpədən dırnağa qədər soyulmuş və talanmış halda geri döndülər. O zavallılar artıq hər şeylərini itirmişdilər: kəndləri, evləri, məhsulları və əmlakları əllərindən getmiş, bir çoxu uşaqlarını, atalarını, analarını itirmişdilər. Arazın dalğaları arasından görünən insan kəllələri mənzərəni tamamlayırdı.
Bütün bu fəlakət bir piyada diviziyası (2 alay) və bir süvari alayı miqdarında olmayan düşmən qüvvəti qarşısında baş vermişdi. Halbuki Azərbaycanın Naxçıvan vilayəti əhalisi ən az 25-30 minlik bir qüvvə çıxara bilərdi və süvari alayının nizamlı heyəti sifətilə mövcudiyyəti bu qüvvəni təşkil etməyə kifayət idi. Bu qüvvə nəinki Naxçıvan vilayətini müdafiə edə bilərdi, hətta nisbətən çox zəif olan erməni qüvvələrini məhv etməyə belə kifayət idi.
Bir insan vətəni, milləti uğrunda, ailəsi və əmlakı, namusu və şərəfi üçün qəhrəmancasına vuruşub ölməkdən başqa nə üçün yaşayar?!...
Heyhat! Bu vilayətin əhalisi bu xüsusda heç bir şey edə bilmədi. Edə bilmədi, çünki mütəşəkkil deyildi. Mütəşəkkil deyildi, çünki təşkilatçılar yox idi! Niyə yox idi? Bu müəmmanı indiyə qədər kimsə heç cür anlaya bilmədi. Keçən bütün bu hadisələri süvari Tatar alayı acı bir ürək ağrısı ilə yaşayır və Şahtaxtıda olduğu müddətcə vəziyyəti daima müzakirə və analiz edirdi. Sabahdan axşama və axşamdan sabaha qədər danışılan məsələ yalnız bu idi. Alayı yerli əhali ilə başda duranların passivliyi əhatə etmiş və onu tam mənası ilə iflic etmişdi. Bütün arzularına rəğmən alay Naxçıvan vilayətinin müdafiəsində, demək olar ki, heç bir rol oynaya bilməmişdi. Bu acınacaqlı vəziyyət alayı daha ziyadə əsəbiləşdirirdi. Alayın məmləkətin müdafiəsində passiv bir hala gəlmiş olması alay əfradının mənəvi düşkünlüyündən və sursat azlığından irəli gəlmirdi. Sursatı düşmənin özündən almaq mümkün idi. Bu vəziyyətə səbəb olan alay komandiri idi. Alay komandiri bu dəfə də bacarıqsızlığını sübut etdi.
Şahtaxtıdakı günlər alayla komandir arasındakı mənəvi əlaqəni tamamilə qırdı. Zabitlər məmləkətin uğradığı fəlakətdən və alayın xalqa qarşı xəcalətli bir vəziyyətə düşməsindən dolayı alay komandirini bağışlaya bilmirdilər.
Hələ Tərtər döyüşündə alayı tərk etdiyi zaman alay komandiri zabitlərin nəzərində mənəvi qiymətini itirmişdi. Lakin vəziyyəti nəzərə alaraq zabitlər Tərtərdən çəkildikdən sonra yalnız alay komandirinin əmrlərini icra etməməklə kifayətlənmiş və bununla idarəçiliyi özündən sonra gələn ən yüksək rütbəli zabitə verməyə məcbur etmək istəyirdilər. Alay komandiri isə buna qərar verə bilmirdi. Bunun nəticəsində alayın hərəkət və döyüş həyatı iflic olurdu. Tərtərdən çəkildikdən sonra İran sərhədlərinə qədər, İran torpaqlarına keçdikdən sonra və nəhayət Naxçıvanda ikən alay öz komandirinin əmrindən ziyadə bölük komandirlərinin qərarları ilə hərəkət etmişdir. Yalnız bu sayədə idi ki, alay özünü mütəşəkkil bir qüvvə olaraq qoruyub saxlaya bilmişdir. Lakin bütün çətinliklərə baxmayaraq öz varlığını qoruyan alay Naxçıvan vilayətini müdafiə edə bilmədi.

“Həbib bəy Səlimov Naxçıvana gəlmişdi”
Şahtaxtıya gəldikdən sonra isə alay iki mühüm hadisə ilə qarşılaşdı.
Əvvəla: Türkiyə Şərq (Qafqaz) cəbhəsinin komandanlığından Bəyaziddə duran 11-ci diviziya baş qərargahı vasitəsilə bir dəvət alındı. Bu dəvətnaməyə görə qoşun Türkiyə torpaqlarına keçəcək və Azərbaycandakı siyasi vəziyyət aydınlaşana qədər orada gözləyəcəkdi. İkincisi: Azərbaycan Ordusunun Baş Qərargahının keçmiş rəisi general Həbib bəy Səlimov bolşeviklərdən hər necəsə qurtulmuş və Naxçıvana gəlmişdi.
Türkiyənin dəvətini alan alay zabitləri aşağıdakı mülahizələrlə bundan istifadə etməyə qərara verdilər: Azərbaycan hökuməti artıq mövcud deyil. Məmləkət tamamilə qırmızı ordunun işğalı altındadır. Məmləkətin son parçası olan Naxçıvan vilayəti də bu gün olmasa da, sabah mütləq işğal ediləcəkdir. Çünki qırmızı ordunun Qarabağ tərəfindən gəlməkdə olduğu haqqında xəbər alınmışdı. Ən pis cəhət bu idi ki: son hadisələrin və panikanın təsiri altında Naxçıvan əhalisində ruh tamamilə ölmüşdü. Bu vəziyyət içərisində bir işin görülməsi imkansızdı. Əhalinin yardımı olmadan yeganə mütəşəkkil hərbi qüvvəmiz olan birinci süvari alayı müharibə edə bilməzdi. Bir sözlə, ortaya çıxan vəziyyət içərisində qoşun savaşa girə bilməzdi. Bütün bunlarla birlikdə nə olursa olsun, alayı qoruyub yaşatmaq və vətən borcunu sona qədər yerinə yetirmək lazımdı. İstər zabitlər, istərsə də əsgərlər bu fikirdə idilər. Bu məqsədlə dəvətdən istifadə edərək Türkiyəyə keçməyə qərar verildi. Bununla ölüm-dirim savaşında olan Türkiyəyə qardaşlıq borcunu da ödəmək fürsəti əldə edilmiş olacaqdı.
Zabitlərin qərarını duyan polkovnik (miralay) Sofiyev bunu dərhal general Səlimova bildirdi. General Səlimov Şahtaxtıya gələrək zabitləri topladı və onları bu qərardan vaz keçirməyə çalışdı. Səlimov isbat etməyə çalışırdı ki, türkiyəlilərin qoşunu təhrik edən səmimi hissi təqdir edə bilməzlər. Onlar alayı yaşatmaq haqqındakı sırf əsgər-vətənpərvərin qərarına da əhəmiyyət verməzlər. İstər Səlimov, istərsə də Sofiyev o qənaətdə idilər ki, alay Türkiyədə istifadə edildikdən sonra ya ruslara təslim ediləcək və yaxud tərxis edilib ləğv olunacaqdı. Daha yaxşısı İrana keçib orada alayı qorumaq lazımdır.
General Səlimovun çox uzun olan nitqinə süvari alayının bir zabiti qısa bir nitqlə cavab verdi. Bu nitqində zabit dedi ki: “Alay mütləq Türkiyəyə gedəcək və bu da yalnız öz varlığını qorumaq üçün deyil, xüsusilə qardaş Türkiyəyə yardım etmək üçün ediləcəkdir. Türkiyə nə bahasına olursa-olsun qurtulub yaşamalıdır. Bu savaşda Türkiyə müzəffər olmazsa, Rusiya Ermənistanın hamisi sifətilə Aralıq dənizinə və Hindistana dayanacaq və Qafqaz o zaman mərkəzi Rusiya vilayətlərindən birini təşkil edəcəkdir. Müstəqil və qüvvətli Türkiyə və qüvvətli İran olmadıqdan sonra bizə qurtuluş və istiqlal qismət olmayacaqdır”.
(Davamı var)
Qeyd: Cümhuriyyət zabitlərindən Həbib bəy Səlimov həmin vaxt Naxçıvanda hansı səbəbdən olmasını Pankratova yazdığı məktubunda bildirib: Pankratova məktubundan: “Mәn Bakıdan 29 mayda getdim vә sonrakı istiqamәtim belә oldu: mayın 31-dә Kürü Cavad qәzasının Salyan yaxınlığındakı Ərәbtalan kәndindәn keçdim vә iyunun 1-dә Bilәsuvar yaxınlığında sәrhәdi adladım. Nәcәfqulu xan’ın qonağı oldum. Orada iyunun 10-na qәdәr qonaq qaldım, sonra o, öz adamları ilә mәni Ərdәbilә yola saldı. Oraya 12 iyunda çatdım. Oradan vali yerli demokratik partiyasının sәdri Hacı Şaban Əli ilә mәni Tәbrizә, bütün Şimali İranın demokratik hökumәtinin başçısı Şeyx Mәhәmmәd Xiyabani’nin yanına göndәrdi. Bu, o vaxt idi ki, ingilislәr bütün İran Azәrbaycanından qovulmuşdular vә sonuncu özünü Azadistan adı ilә azad elan etmişdi. Tәbrizә 21 iyunda gәldim vә 5 gün qalıb oradan Naxçıvan şәhәrinә getdim. Tәbrizdә Şeyx Mәhәmmәd’lә, görkәmli sosialist Hacı İsmayıl’la görüşdüm. Hazırda onların ikisini dә ingilislәrin tәrәfdarları öldürüb. Tәkrar edirәm ki, mәni hәr yerdә yolboyu sovet hökumәtinin agenti hesab edirdilәr. Tәbrizdә dә belә oldu. Xiyabani sovet hakimiyyәti ilә bağlı onu maraqlandıran mәsәlәlәr barәdә mәnimlә fikir mübadilәsindәn sonra tәklif etdi ki, Azәrbaycanın hәr iki vilayәtinin birlәşdirilmәsinә vә Azadistanda sovet hakimiyyәtinin qurulmasına çalışım. Naxçıvanda olarkәn bu istiqamәtdә çox çalışdım vә bunu çoxlu şahidlәr tәsdiq edә bilәrlәr. Onlardan birini – mәnimlә Şeyx Mәhәmmәd arasında әlaqәdә әsas vasitәçi olmuş Naxçıvan şәhәr sakini Hacı Mirbәşir ağanı göstәrә bilәrәm".
Təəssüf ki, Həbib bəy Səlimov Türkiyəyə keçmir, 1920-ci ilin axırında güllənir.