BAKI, 10 iyun. TELEQRAF
“Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv kimi qoşulmaq Türkiyə üçün strateji prioritet olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bildirib ki, Türkiyə Aİ-yə üzvlük prosesi çərçivəsində öhdəliklərini yerinə yetirməyə hazırdır, Brüsseldən müvafiq siyasi iradə nümayişi gözləyir .
“Avropa İttifaqına tamhüquqlu üzvlük Türkiyə üçün strateji prioritetdir. Ölkəmizin üzvlük prosesini fürsətçi və qısamüddətli mülahizələrə əsaslanaraq qiymətləndirmək səhv olardı. Biz əvvəldən oradayıq, hazırda Avropa İttifaqının üzvü olan ölkələrin demək olar ki, yarısı hələ Avropa ailəsinə qəbul edilməmişdi. 1963-cü ildə Aİ ilə müqaviləni (Avropa İqtisadi İttifaqı ilə Assosiasiya Sazişi – red.) imzalamışıq, bunda məqsəd tam üzvlükdür. 1996-cı ildə Aİ-yə tam üzvlük üçün addım olan Gömrük İttifaqına da qoşulmuşuq”, - Fidan bildirib.
Xarici işlər naziri vurğulayıb ki, siyasi iradənin açıq şəkildə nümayiş etdirilməsi və Türkiyənin Aİ-yə tam üzvlük perspektivlərinin yenidən təsdiqlənməsi prosesə yeni təkan verməyə kömək edəcək:
“Türkiyə öz öhdəliklərini yerinə yetirməyə hazırdır və Aİ ilə qarşılıqlı qazanc, dialoq və əməkdaşlığa əsaslanan bütün sahələrdə münasibətlərin inkişafına böyük əhəmiyyət verir”.