BAKI, 8 iyun. TELEQRAF
Respublika Fənn Olimpiadalarında (RFO) 2025/2026-cı təhsil ili üzrə ümumilikdə 73 193 nəfər şagird iştirak edib.
Bu barədə Teleqraf-a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, iştirakçı aktivliyi daha çox iki fəndə müşahidə olunub: riyaziyyat (20 026), Azərbaycan dili və ədəbiyyat (18 835). Fizika fənni ən az (4 389) iştirakçı sayı ilə yadda qalır.
İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş, 257 nəfər bürünc mükafatçı müəyyənləşdirilib.
Builki Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırma mərasimi üç universitetdə - Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (9 iyun, təbiət fənləri üzrə), ADA Universitetində (10 iyun, texniki fənlər üzrə) və Bakı Dövlət Universitetində (11 iyun, humanitar fənlər üzrə) keçiriləcək.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla keçirilən elm yarışıdır. Olimpiada Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla 8 müxtəlif fənn üzrə keçirilir.
RFO-da VIII, IX, X və XI sinif şagirdləri iştirak edə bilirlər.