BAKI, 18 may. TELEQRAF
Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, bu imtahanda 17 mayda keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.
"17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər", - məlumatda qeyd olunub.
DİM-dən həmçinin əlverişsiz hava şəraitinə baxmayaraq imtahanın keçirilməsi ilə bağlı qərarın verilməsinə belə aydınlıq gətirib.
"Ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarına uyğun olaraq bakalavrlara qəbul imtahanında iki dəfə iştirak etmək hüququ verilir və müsabiqə onların ən yüksək nəticəsi əsasında aparılır.
"2026/2027-ci tədris ili üzrə magistraturalara qəbul üçün aşağıdakı imtahan tarixləri müəyyən edilib:
I cəhd — 15.02.2026;
II cəhd — 17.05.2026.
I cəhd üzrə imtahanda iştirak etmək üçün 22 780, II cəhd üzrə isə 23 086 bakalavr qeydiyyatdan keçib.
17 may tarixində Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunmuşdur. Yaranmış vəziyyət nəzərə alınaraq imtahan mərkəzlərinə rəhbər heyət yola salınmazdan əvvəl aşağıdakı göstərişlər verilib:
İmtahana gecikən iştirakçıların təlimatda nəzərdə tutulmuş saat 09:45 əvəzinə ən gec saat 10:00-dək imtahan binasına buraxılması;
İmtahanın başlanma vaxtının saat 10:00-dan saat 10:15-ə dəyişdirilməsi.
Saat 10:00-dan etibarən imtahan qərargahına daxil olan məlumatlara əsasən, imtahan binalarının iştirakçılarla dolma dərəcəsinin 80–90% təşkil etdiyi müəyyən edilib. Bununla əlaqədar gecikən bütün iştirakçıların imtahana buraxılması və imtahanın saat 10:30-da başlanması barədə əlavə qərar qəbul edilib.
Nəticədə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri üzrə bütün 78 imtahan binasında imtahan mütəşəkkil qaydada keçirilmiş və iştirakçıların imtahana başlaması saat 10:30–10:45 intervalında təmin olunub.
Xatırladaq ki, həmin regionlar üzrə qeydiyyatdan keçmiş 19746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17912 nəfəri imtahanda iştirak edib. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir", - DİM-dən bildirib.