BAKI, 28 aprel. TELEQRAF
“Şagird davranış qaydaları artıq bütün məktəblərdə tətbiq edilir və bu sahədə mütəmadi monitorinqlər aparılır”.
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında bildirib.
O bildirib ki, bu qaydalar arzuolunmaz halların sayının azalmasında mühüm rol oynayır.
"Ölkədə fəaliyyət göstərən 4 min ümumtəhsil müəssisəsində şagirdlər, müəllimlər və valideynlər də daxil olmaqla hər bir məktəbdə gündəlik 1000-dən çox insanın qarşılıqlı ünsiyyətdə olduğunu görərik. Bu miqyas təhsil mühitini zəngin sosial platformaya çevirir, eyni zamanda müəyyən hallarda fikir ayrılıqları və münaqişələrin yaranmasını da qaçılmaz edir.
Bununla belə, 1,5 milyondan artıq şagird kontingenti fonunda münaqişələrdə iştirak edənlərin sayı olduqca kiçik bir hissəni təşkil edir. Cəmiyyətdə daha çox məhz baş vermiş hadisələr görünür və müzakirə olunur. Halbuki hər gün məktəblərdə müəllimlərin, psixoloqların və valideynlərin peşəkar və operativ müdaxiləsi nəticəsində çoxsaylı potensial münaqişələr böyümədən, konstruktiv şəkildə həllini tapır.
Bu baxımdan, təhsil işçilərinin əməyini xüsusi qeyd etmək və onların fəaliyyətinə ictimai dəstəyi gücləndirmək vacibdir. Eyni zamanda, baş vermiş münaqişələrin təkrarlanmaması üçün profilaktik tədbirlərin genişləndirilməsi, psixoloji xidmətlərin gücləndirilməsi və məktəb-valideyn əməkdaşlığının daha da inkişaf etdirilməsi əsas prioritetlərdən biri olaraq qalır", - o qeyd edib.