BAKI, 19 mart. TELEQRAF

Ramazan bayramından əvvəlki günün axşamı hər evdən ehtiyacı olan müsəlmanlara verilməli olan sədəqə, yəni fitrə zəkatı çıxarılır. Fitrə zəkatının verilməsində məqsəd imkansız insanların bayramı digər müsəlmanlarla birgə qeyd etmələrinə kömək etmək, eləcə də orucluq ayı ərzində mümkün səhv və nöqsanların kəffarəsini ödəməkdir.

Bəs fitrə zəkatı kimlərə şamil edilir? Bu, hansı hallarda edilmir? Fitrə zəkatı nə vaxt və necə çıxarılır?

Mövzu ilə bağlı Teleqraf-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev bildirib ki, sabahı bayram olacaq axşama bayram axşamı deyilir və həmin axşam şam namazına qədər fitrə zəkatı çıxarmaq lazımdır.

Onun sözlərinə görə, əgər şam namazı vaxtı çıxarmaq mümkün olmasa, bayram günü də çıxarmaq olar:

“Fitrə zəkatı şəriət baxımından hər bir adam üçün 3 kiloqram ən çox istifadə edilən ərzaqdan hesablanır. Ən çox istifadə edilən ərzaq isə buğda və ya undur. Fitrəni arpadan da çıxarmaq olar. Arpa çox istifadə edilməsə də, dinimiz buna icazə verir.

Maddi imkanı normal olan insanlar bir az daha yüksək qiymətli ərzaqdan hesablaya bilər. Məsələn, kişmiş, xurma, düyü...Həmin ərzağın pulunu hesablayıb və ya ərzaq formasında kasıblara, yoxsullara vermək olar.

Qafqaz Müsəlmanları İdarəsi hər il fətvasında fitrə zəkatını pul şəklində verməyi tövsiyə edir. Minimum 10-15 manatdan hesablayıb vermək olar”.

O fitrə zəkatının ilk növbədə insanın qohum-əqrəbasında olan kasıblara verilməli olduğunu vurğulayıb:

“Əgər qohumlarında ehtiyacı olan yoxdursa, qonşularda və ya yaxınlıqda yaşayan imkansızlara verə bilər”.

F. Nurullayev uşaq, böyük fərqi olmadan ailədə olan hər insan sayına fitrə zəkatının çıxarılmalı olduğunu deyib:

“Çıxarılan fitrə zəkatı imkan müqabilində bayram namazına qədər verilməlidir. Əgər bayram namazına qədər lazım olan adama aparıb vermək mümkün olmasa, bayram günü çatdırıla bilər. Hətta artıq mobil imkanlardan istifadə edərək fitrə zəkatını verəcəyi şəxsin bank kartına da köçürülə bilər. Buna da icazə var.

Oruc tutan insan bilir ki, bayramda ailəsi, yaxınları ilə bayram süfrəsində olacaq, bayramlaşacaq. Onda yoxsulları, imkansızları sevindirmək onun boynunda haqdır. Fitrə zəkatı ailədə istisnasız hər insandan çıxarılmalıdır. Yəni uşaq, böyük fərqi yoxdur. Ailədəki insanların sayına uyğun hesablanmalıdır.

Ev sahibi bayram axşamı ailə üzvləri ilə yanaşı şam namazına qədər evində qalan qonaq üçün də fitrə zəkatı çıxarmalıdır. Şam namazına qədər ailədə uşaq dünyaya gələrsə, onun üçün də fitrə zəkatı çıxarılmalıdır. Əgər ailə üzvlərindən səfərdə olan, hərbi xidmətdə olan varsa, onlar üçün fitrə zəkatı çıxarmaq vacib deyil".

Onun sözlərinə görə, maddi imkanı aşağı olan, ailəsini dolandıra bilməyən insanlar fitrə zəkatı çıxarmamalıdır.

"Amma orta səviyyədə yaşayan insanlar buna əməl etməlidirlər. Əgər bir insan planlı şəkildə kreditə, borca girirsə və hissə-hissə aylıq ödəməyə gücü çatırsa, onda onlar fitrə zəkatı verməlidir. Amma bir insan ailəsinin maddi ehtiyaclarını ödəmək üçün məcburiyyətdən borca girirsə, onlar fitrə zəkatı verməli deyil, zəruri borclarını ödəməlidirlər”, - o vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq. Bayram günü Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.