BAKI, 11 mart. TELEQRAF

Paytaxtın Binəqədi rayonunda 328 nömrəli körpələr evi-uşaq bağçası Elm və Təhsil Nazirliyi tərəfindən aparılan əsaslı təmirdən sonra istifadəyə verilib.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, bağçanın açılış tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova, Təhsilin keyfiyyətinə nəzarət sektrounun müdiri Zinyət Əmirova, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov, bağça müdirləri, müəllimlər və valideynlər iştirak ediblər.

"Tədbirdə çıxış edən BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova uşaq bağçasının fəaliyyətinə uğurlar arzulayıb və ökəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb.

Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi məktəbəqədər təhsilin davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsi olduğunu deyən R.Aslanova məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini nəzərə çatdırıb.

R.Aslanova paytaxtda uşaq bağçalarının yüksək tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərə diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib.

Qeyd edək ki, yeni istifadəyə verilən 328 nömrəli körpələr evi-uşaq bağçası 230 yerlikdir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 24 tərbiyəçi, 15 texniki işçi məşğul olur", - məlumatda qeyd olunub.