BAKI, 16 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Teleqraf-a verilən məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən həftə ərzində 191 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 50 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, 39 nəfər təxliyə olunub, hadisələr zamanı 6 nəfər həyatını itirib.