BAKI, 15 fevral. TELEQRAF

"Ailə Konsepsiyasının hazırlanması prosesini tez bir zamanda yekunlaşdırmağa çalışırıq, hazırda bu istiqamətdə işlər davam edir".

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Qaranlıqdan sonra..." adlı tədbirdə "Teleqraf-ın sualını cavablandırarkən bildirib.

Komitə sədri qeyd edib ki, sənədin ərsəyə gəlməsi üçün bütün tərəflərin fəaliyyət istiqamətlərini və öhdəliklərini tam müəyyənləşdirmək məqsədilə müxtəlif müzakirələr aparılır:

"Buraya həm ictimai dinləmələr, həm işçi qruplar səviyyəsində, həm də mütəxəssislərin iştirakı ilə keçirilən müzakirələr daxildir. Bunların hər biri çoxsaylı və geniş mövzuları əhatə edir. Bütün məqamları vahid sənəddə cəmləşdirmək asan məsələ deyil. Nəzərə almalıyıq ki, sənədin tərtibində bütün tərəflər iştirak etdiyi kimi, yekun nəticəyə də hamı razılıq verməlidir. Sənəd gələcəkdə onun icrasına cəlb olunacaq qurumların mövqelərinin uzlaşdırılmasını tələb edir".

B.Muradova vurğulayıb ki, Ailə Konsepsiyası mühüm sənəddir və cəmiyyətin bütün təbəqələri bu prosesə cəlb olunacaq.