BAKI, 14 fevral. TELEQRAF

11-14 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avstriyanın paytaxtı Vyana şəhərində rəsmi səfərdə olub.

Kollegiyadan Teleqraf-a verilən xəbərə görə, nümayəndə heyətinin tərkibində VK sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub və Kollegiya Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə yer alıblar.

Səfərin ilk günündə Elçin Usub və Gözəl Hüseynzadə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) “Mübadilə, əməkdaşlıq və dəstək platforması” (PECO) Komitəsinin növbəti iclasında iştirak ediblər. İclas çərçivəsində CCBE-yə üzv qurumlar və müşahidəçi təşkilatlar tərəfindən hesabatlar təqdim olunub, vəkillik peşəsinin mövcud vəziyyəti, eləcə də müxtəlif ölkələrin ədalət sistemlərində baş verən son yeniliklər barədə məlumat mübadiləsi aparılıb.

İclasda çıxış edən VK Rəyasət Heyətinin üzvü Elçin Usub Kollegiyanın son illər ərzində həyata keçirdiyi islahatlar və institusional inkişaf istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. O, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş mütərəqqi və sistemli dəyişikliklərə toxunaraq bildirib ki, həmin yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, özünüidarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və peşə fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət edir.

Fevralın 12-də nümayəndə heyəti Vyana səfəri çərçivəsində CCBE-nin Daimi Komitələrinin iclaslarında iştirak edib. İclas zamanı Komitə üzvləri gündəlikdə olan və səsverməyə çıxarılan məsələlərlə bağlı müzakirələr aparıb və CCBE-nin gələcək fəaliyyət istiqamətlərinə dair qərarlar qəbul ediblər.

Eyni zamanda fevralın 13-də Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa ölkələrinin Vəkillər Kollegiyaları rəhbərlərinin 54-cü konfransında iştirak edib.

Zəngin və çoxşaxəli proqramı əhatə edən bu konfrans artıq yarım əsrdən çoxdur ki, Avropa ölkələrinin Vəkillər kollegiyalarının rəhbərləri arasında təcrübə mübadiləsinin aparıldığı və aktual hüquqi məsələlərin müzakirə olunduğu nüfuzlu dialoq platforması kimi fəaliyyət göstərir. “Azadlıq və Təhlükəsizlik: müasir cinayətkarlığın təzyiqi altında hüququn aliliyi” adlı mövzuya həsr olunan konfrans Vyananın tarixi memarlıq incilərindən biri olan “Palais Ferstel” binasında təşkil edilib.

Konfrans çərçivəsində iştirakçılar Avstriya Federal Kansleri və Avstriya federal ədliyyə naziri tərəfindən qəbul ediliblər.

Tədbirin sonunda konfrans iştirakçıları üçün rəsmi ziyafət təşkil olunub.

Səfər çərçivəsində gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə VK sədri Anar BağırovAvropa Vəkillər Kollegiyalarının rəhbərləri, eləcə də bir sıra ölkələrin vəkillər kollegiyalarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsi, birgə təşəbbüslər və Avropa Vəkillər Kollegiyalarının təşkilatı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.