BAKI, 13 fevral. TELEQRAF
Fevralın 13-də Hakimlərin Seçki Komitəsinin iclası keçirilib.
Bu barədə Teleqraf-a Hakimlərin Seçki Komitəsindən bildirilib.
İclasda qeyd olunub ki, test və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yeni qaydalara uyğun olaraq ilk dəfə müsahibələr keçirilib.
Müsahibədə namizədlərin hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilmiş, biliklərinin tətbiqi, özünü təqdimetmə bacarıqları, ümumi dünyagörüşü, təmkinliliyi, fikir və rəyini ifadə etmək, analitik düşünmək qabiliyyəti yoxlanılmış, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilərək 34 hakimliyə namizəd müsahibədə müvəffəqiyyət qazanmış, onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşdırma haqqında rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.
Qanunvericiliyə uyğun olaraq 17 fevral 2026-ci il tarixdə Şura tərəfindən namizədlərlə söhbət və ixtisaslaşma aparılacaqdır.
Yeni qaydalara əsasən hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.
Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısı ilə buradan tanış ola bilərsiz.