BAKI, 13 fevral. TELEQRAF

Dövlət Təhlükəsizlik Xidmətinin apardığı istintaq nəticəsində Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərlərinin Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri müəyyən edildi.

Yayılan faktlar, səs yazıları və foto/video görüntülər Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, Rusiyada “Milyarderlər ittifaqı” kimi tanınmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqını (RATİ) yaradan baş nazirin keçmiş müavini Abbas Abbasov və AXCP sədri Əli Kərimlinin ölkədə hakimiyyəti zorla ələ keçirmək məqsədilə 2012-ci ildən etibarən fəaliyyətə başladığını, “Demokratik Qüvvələrin Milli Şurası” adlanan təşkilatın da siyasi müxalifəti çevriliş planına cəlb etmək məqsədilə yaradıldığını isbat edir.

2013-cü il prezident seçkilərində baş tutmayan çevriliş planının həyata keçirilməsi cəhdləri 2020-ci və 2025-ci illərdə də edilib. Ramiz Mehdiyev, Abbas Abbasov və Əli Kərimlinin əsas fiqur kimi iştirak etdiyi prosesdə onların təlimatlarını icra edən çoxsaylı şəxslər də var. Ramiz Mehdiyev prosesdə öz köməkçisi, Abbas Abbasov Rusiyada yaşayan və ona yaxın azərbaycanlılar, Əli Kərimli isə partiya funksionerlərindən istifadə edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Əli Kərimli partiya funksionerləri arasında əsasən müavini Fuad Qəhrəmanlının imkanlarından yararlanıb. F. Qəhrəmanlının əsas missiyası Ramiz Mehdiyev və Abbas Abbasovun müxtəlif kanallarla göndərdiyi maliyyə vəsaitlərini Əli Kərimliyə çatdırmaq olub.

O, eyni zamanda, Əli Kərimlinin təlimatı ilə Avropada olan Qənimət Zayıdov kanalından maliyyə axını və ona çatacaq vəsaitlərin göndərilməsini təmin edib.

F.Qəhramanlının istintaqdan yayınmaq məqsədilə ölkəni tərk etməsi, Q.Zayıdovun yanında olması və onun imkanlarından istifadə edərək sığınacaq alması da bu kontekstdə təsadüfi deyil.