BAKI, 2 fevral. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən bu istiqamətdə aparılan işlərin davamı olaraq ötən il daha 72,6 min gənc münasib işlərlə təmin edilib.
Teleqraf xəbər verir ki, bu barədə DMA məlumat yayıb.
Bildirilib ki, son bir ildə bu proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub.
"9500-dək gənc isə Agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.
Dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, məşğulluğunun təminatıdır. Özünüməşğulluq proqramı gənclərin də kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir.
Gənclərin müasir əmək bazarında tələb olunan peşələr barədə məlumatlı olmalarına, düzgün peşə seçiminə dəstək göstərilməsi də diqqətdə saxlanır. Ötən il bu məqsədlə böyük əksəriyyəti gənclər olan 343 min şəxs peşəyönümü xidmətlərlə əhatə olunub.
Habelə paytaxt və bölgələrimizdə gənclərin düzgün peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədilə “Peşə öyrən, gələcəyini qur!” devizi ilə "PeşəFest” tədbirləri uğurla davam etdirilib.
Gənclərin məşğulluğunun təminatına dəstək üçün Agentlik Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır.
Son illərdə Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə dəstəyi ilə “Səyyar kofe evləri” layihəsi də icra olunub ki, layihə çərçivəsində barista sahəsində çalışmaq istəyən gənclər üçün səyyar kofe satışı üzrə kiçik bizneslər qurulub", - məlumatda qeyd olunub.