BAKI, 14 dekabr. TELEQRAF
Mart ayında “Leyla Medical Center” özəl xəstəxanasında stasionar şöbədə müalicə alan azyaşlı uşaqla bağlı valideyn, jurnalist Nərmin Salmanova tərəfindən ciddi səriştəsizlik iddiaları irəli sürülüb.
Teleqraf xəbər verir ki, “Leyla Medical Center” haqqında ağır ittihamları valideyn Nərmin Salmanova öz sosial media hesabında bölüşüb.
Nərmin Salmanovanın bildirdiyinə görə, bronxit diaqnozu ilə stasionar şöbəyə yerləşdirilən 6 aylıq körpəyə ilkin tibbi müdaxilə saatlarla gecikdirilib. Belə ki, xəstəxanaya saat 12:00-da müraciət edilməsinə baxmayaraq, uşağa damar yolu yalnız saat 16:00-da açılıb.
N.Salmanova bildirir ki, bu müddət ərzində uşaq gecədən bəri nə qida, nə də maye qəbul edib:
“Niyə halsız və stasionar yatış üçün gətirilən körpə təcili və növbəsiz müayinələrdən keçirilmədi?” – deyə o bildirib.
N.Salmanovanın sözlərinə görə, məsələ ilə bağlı stasionar şöbəyə nəzarət edən pediatra irad bildirilsə də, ona “xəstələrin hamısına eyni yanaşılır” cavabı verilib.
Ən ciddi narazılıq isə gecə saatlarında baş verən hadisə ilə bağlıdır. Bildirilir ki, gecə yarısı uşağın damar yolu fəaliyyətini dayandırıb və yenisinin açılması üçün təxminən 1,5 saat ərzində bir neçə tibb işçisi tərəfindən uğursuz cəhdlər edilib.
“Uşağın bükükləri dəfələrlə deşildi. Bir tibb işçisindən sonra digəri gəldi, amma heç biri damara düşə bilmirdi. Ağlamaqdan uşağın taqəti qalmamışdı. O gecə yaşadıqlarımızı ömrüm boyu unutmayacağam”, -N.Salmanova qeyd edib.
Onun sözlərinə görə, səhər saatlarında stasionar şöbəyə cavabdeh olan pediatra vəziyyət izah edildikdən sonra təcili yardımdan təcrübəli tibb bacısı göndərilib və damar yolu qısa zamanda açılıb.
“Bütün gecə qidasız qalan, guya "tonusdan düşmüş" damara həmin tibb bacısı dərhal daxil ola bildi. Bu isə əvvəlki müdaxilələrin peşəkarlıq səviyyəsi ilə bağlı ciddi suallar yaratdı”, – o vurğulayıb.
Jurnalist qeyd edib ki, xəstəxanadan çıxarkən “Leyla Medical” rəhbərliyinə yazılı şikayət təqdim edib. Geridönüşün isə yalnız şəxsi əlaqələr vasitəsilə baş verdiyi bildirilir.
Telefon danışığında ona ünvanlanan sual da narazılığı daha da artırıb:
“Mənə “Şikayət sadəcə budur? Personal sizinlə xoş davranırdı?”sualı verildi. Biz ora xoş davranış üçün yox, tibbi yardım üçün getmişdik", - deyə bildirilib.
Valideynin sözlərinə görə, pediatriya korpusunda çalışan tibb bacıları üçün ciddi və sistemli təlimlərə ehtiyac var:
“Əgər həmin gecə vəziyyət həyati təhlükə daşısaydı, nəticə çox ağır ola bilərdi”.
N.Salmanova özəl tibb müəssisində havalandırma sisteminin də nasaz vəziyyətdə olduğunu vurğulayıb: "Otaqda övladımın yanında yatdığım yerdə havalandırmanın temperaturunu tənzimləmək olmurdu. Normal olan temperatur gecə buz kimi kondisionerə keçdi. Nəticədə oradan mənə haymorit “yadigar” qaldı".
Qeyd edək ki, "Referans Medical Group" daxilində fəaliyyət göstərən "Leyla Medical Center"in Pediatriya Mərkəzinin açılışı ötən il aprelin 1-də olub.