BAKI, 24 noyabr. TELEQRAF

Məmmədbəyli kəndinə köçən 30 ailəyə evlərin açarları təqdim olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Zəngilan rayonu Məmmədbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə olmaqla 144 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

14:17

Bakıdan Zəngilanın Məmmədbəyli kəndinə yola çıxan köç karvanı mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçürülən 30 ailə - 144 nəfər mənzil başına çatıb. Daha sonra ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

***

06:49

Bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə - 144 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.