BAKI, 18 noyabr. TELEQRAF
Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələr mənzillərin açarlarını alıblar.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim edilib.


***
12:33
Bu gün səhər saatlarında respublikanın müxtəlif yerlərindən yola salınan ailələr Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 37 ailə olmaqla 160 nəfər köçürülüb.
Mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
***
7:03
Bu gün Cəbrayılın Horovlu kəndinə köç karvanı yola salındı.
Teleqraf xəbər verir ki, köç Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən həyata keçirilir.
Yenidən qurulan Horovlu kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 37 ailə, 160 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Uzun illərdən sonra ata-baba torpaqlarına qayıdan sakinlər sevinc hisslərini bölüşüblər.
Horovlu kənd sakini İltifat Balacayev bildirib ki, bu gün illərlə həsrətində olduqları torpağa yenidən qədəm qoymaq qürur və xoşbəxtlik hissidir: “1993-cü ilin avqustun 20-də məcburi köçkün düşdük. Şükür Allahın böyüklüyünə bu gün torpaqlarımıza, kəndimizə qayıdırıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların valideynlərinin, övladlarının qarşısında baş əyirik. Qazilərimizə can sağlığı diləyirik.
Bu gün ailəm, uşaqlarım, nəvələrimlə birgə Horovluya qayıdıram. Arzum budur ki, bütün məcburi köçkünlər bizim kimi öz yurd-yuvalarına qayıtsınlar. Onlar o torpaqlarda abadlıq işləri görsünlər.”
Horovluya qayıdan digər sakin Maniya Məmmədova da sevincini gizlətməyib:
“Horovlu mənim ana vətənimdir, Allaha min şükür ki, bu gün illərdən sonra ora qayıtmaq mənə nəsib oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Arzu edirəm ki, torpağımıza köçən insanların hər biri orada gözəl yaşasın.
Horovlu ilə bağlı xatirələrim çoxdur. 36 il orada təsərrüfatda işləmişəm, 8 uşaq saxlamışam. Onları müharibəyə yola salmışam, çox şükür ki, sağ-salamat qayıdıb gəldilər.”