
MİNGƏÇEVİR, 26 aprel. TELEQRAF
Azərbaycan və Almaniya arasında mədəni və tarixi körpü rolunu oynaya biləcək unikal bir əsər illərdir ki, diqqətdən kənarda qalıb. Söhbət İkinci Dünya müharibəsindən sonra 1945-1950-ci illərdə Mingəçevir şəhəri ərazisində əsirlik həyatı yaşamış alman əsgəri Villi Deşin qələmə aldığı “Düşərgə gündəliyi” adlı xatirələr toplusundan gedir. Alman dilində yazılmış bu gündəlik hazırda Mingəçevir Tarix Muzeyində nümayiş olunur.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, gündəlik Villi Deşin Mingəçevir Su Elektrik Stansiyası, bənd və ətraf ərazilərdə inşa olunan digər mühüm obyektlərin tikintisində iştirak etmiş 10 mindən çox alman əsirin həyatı, çəkdiyi əziyyətlər, eyni zamanda, Azərbaycan xalqı ilə münasibətləri barədə dəyərli qeydlərini bölüşür.
Villi Deş xatirələr toplusunda yazır:
“1945-ci ilin şaxtalı qışında Moskvada Kursk vağzalında ac-susuz və ağır xəstə halda yük vaqonlarına doldurulmuşduq. Taqətsiz bir neçə günlük səfərdən sonra Ukraynaya çatdığımızı bildirdilər. Daha sonra cənuba, Azərbaycana aparıldığımızı söylədilər. Bu xəbər biz ac, ümidsiz əsirlər üçün bayram sevincinə çevrildi. Azərbaycana, türklərin məmləkətinə gedəcəyimizə görə çox sevinmişdik”.
O, Azərbaycana çatdıqları ilk anları da belə xatırlayır:
“Ac-susuz "Nasosnı" stansiyasına çatdıq. Türklər bizə çörək, siqaret atırdı. Bu, türklər adına unudulmaz və qürurverici bir addım idi”.
“Düşərgə gündəliyi” əsəri yalnız şəxsi xatirələrlə deyil, həm də tarixi faktlarla zəngindir. 1945-1948-ci illər ərzində Mingəçevirə neçə nəfər əsirin gətirildiyi, neçə nəfərin yol boyu həyatını itirdiyi, sağ qalanların isə 1950-ci ilə qədər Almaniyaya dönmək fürsəti qazandığı bu gündəlikdə yer alır. Villi Deş Azərbaycan xalqının göstərdiyi humanizm və xeyirxahlıqdan geniş şəkildə bəhs edir və onların sayəsində həyatda qalaraq yenidən doğma vətəninə qovuşduqlarını minnətdarlıqla qeyd edir.
Uzun illər Mingəçevir Tarix Muzeyinin direktoru olmuş Nofəl Məmmədəliyevin sözlərinə görə, 1998-ci ildə Villi Deş dörd keçmiş düşərgə yoldaşı ilə birlikdə Almaniyadan Azərbaycana gələrək Mingəçevirdə alman əsirlərinin dəfn olunduğu qəbiristanlığı ziyarət edib. Həmin səfər zamanı Villi Deş gündəliyinin bir nüsxəsini muzeyə hədiyyə edib. O vaxtdan bəri bu kitab ziyarətçilərin böyük marağına səbəb olub.
“Təəssüf ki, biz yalnız ziyarətçilərə qısa məlumat verməklə kifayətlənirik. İstərdik ki, bu əsər təkcə Azərbaycan dilinə deyil, bir neçə dünya dilinə də tərcümə olunsun. Çünki bu gündəlikdə xalqımızın böyüklüyü, humanistliyi və dünyəviliyi barədə çox dəyərli məlumatlar var. Ən önəmlisi isə bu əsər Azərbaycan-Alman dostluğuna əhəmiyyətli töhfə verə bilər. Təəssüf ki, maraqlananlar olsa da, indiyədək kitab tərcümə olunmayıb", - Nofəl Məmmədov deyib.
Bu gün susqun qalan bu gündəlik, əslində, xalqlar arasında unudulmamalı olan insanlıq və dostluq hekayəsini səssizcə pıçıldayır.
Onun tərcüməsi və geniş yayılması, həm Azərbaycan tarixinin bir səhifəsinin daha dolğun işıqlandırılması, həm də mədəni əlaqələrin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır.