BAKI, 25 aprel. TELEQRAF
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən anım mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, şöbə müdirləri, Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini, bələdiyyə sədri, eləcə də Milli Qəhrəmanın təhsil aldığı və hazırda onun adını daşıyan 154 nömrəli tam orta məktəbin kollektivi iştirak ediblər.
İştirakçılar məktəbin həyətində yerləşən Albert Aqarunovun büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar. Tədbir zamanı qəhrəmanın keçdiyi döyüş yolu, igidliyi və Azərbaycanın müstəqilliyi uğrunda göstərdiyi şücaətlər bir daha xatırlanıb.
Qeyd edək ki, Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 1-ci Qarabağ müharibəsi başlayarkən Aqarunov cəbhəyə könüllü yazılıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.