BAKI, 22 aprel. TELEQRAF

İnsan hüquqları dünyada ən çox manipulyasiyaya uğrayan mövzulardan biridir.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu məsələdə medianın üzərinə böyük iş düşür.

Onun sözlərinə görə, jurnalistlərin fəaliyyət göstərdikləri sahə üzrə savadlı olması cəmiyyətin media savadlılığına töhfədir.

"Medianın İnkişafı Agentliyinin keçirdiyi monitorinqlərə görə, məhkəmə reportajlarında, cinayət işləri ilə bağlı jurnalist yazılarında ötən illərlə müqayisədə demək olar, hüquqi səhvlərə yol verilməyib".

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev bildirib ki, milli qanunvericiliyin insan hüquqlarının beynəlxalq standartlarına uyğunlaşdırılması, milli səviyyədə hüquq normalarının tətbiqi zamanı beynəlxalq mexanizmlər tərəfindən yaradılan təcrübənin nəzərə alınması, qanun normalarının şərhi zamanı Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tətbiqi daim diqqətdə saxlanılmalıdır.

"Bunun üçün isə beynəlxalq mexanizmlərin təcrübəsinin öyrənilməsi və nəzərə alınması günümüzün tələbi kimi qiymətləndirilir".

O həmçinin Hüquq və İnsan Haqları İnstitutunun jurnalistlər üçün faydalı ola biləcək resursları və tədbirləri barədə məlumat verib.

Hüquq və İnsan Haqları İnstitutunun İnsan huquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Zümrüd Əlizadə qeyd edib ki, zorakılıqların qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır.

"Maarifləndirmə işləri də doğru formada aparılmalıdır. İnsan hüquq və azadlıqları demir ki, qadın kişidən üstündür. Onlar bərabərdir. Bəzən bunlar cəmiyyətə yanlış çatdırılır. Hər şeyi insan hüquq və azadlıqlarına bağlamaq bir az dar görüşdür".

Qeyd edək ki, tədbir Medianın İnkişafı Agentliyi və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.