BAKI, 9 mart. TELEQRAF

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin və Neft və Qaz İnstitutunun əməkdaşları Bəhruz Əhədov və Fəxrəddin Qədirovun NASA Jet Propulsion Laboratory (JPL) laboratoriyası əməkdaşı Eric Fielding ilə birlikdə hazırladıqları "InSAR texnikası əsasında Azərbaycanda uzaq məsafədən gələn zəlzələlərin yer qabığında yaratdığı deformasiyalar və palçıq vulkanlarının fəaliyyəti" adlı məqalə nüfuzlu beynəlxalq elmi nəşr olan “Remote Sensing” jurnalında dərc olunub.

Teleqraf xəbər verir ki, bu barədə Geologiya və Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, “Remote Sensing” jurnalı Scimago Journal & Country Rank sisteminə görə Q1 kateqoriyasına daxildir, h-indeksi – 217, CiteScore – 8.3, və ümumi istinad sayı – 170,000-dən çoxdur.

Bu tədqiqat işi fəlsəfə doktoru Bəhruz Əhədovun Fulbrayt qrantı çərçivəsində NASA Jet Propulsion Laboratory (JPL) ilə əməkdaşlıq çərçivəsində Amerika Birləşmiş Ştatlarında yerinə yetirilib.

Aparılan tədqiqat nəticəsində 2023-cü ilin fevralında baş vermiş Kahramanmaraş zəlzələsinin (M7.8 /M7.6) təqribən 1100 km uzaqlıqda yerləşən Azərbaycan ərazisində yer səthində deformasiyasının və palçıq vulkanlarının fəallaşmasına təsiri olduğu ilk dəfə olaraq çoxsensorlu peyk məlumatları əsasında tədqiq edilib.

Tədqiqatda diferensial radar interferometriyası (InSAR) texnologiyası ilə yanaşı, GNSS ölçmələri və yüksək ayırdetməli optik peyk görüntüləri (PlanetScope) istifadə olunmuşdur. Həm qısamüddətli (zəlzələdən əvvəl və sonra 3 ay), həm də uzunmüddətli (8 il) zaman seriyası analizləri aparılaraq, zəlzələnin dinamik tətikləmə effekti çoxsensorlu sübutlarla təsdiqlənib.

Nəticələr göstərir ki, Kahramanmaraş zəlzələsi zamanı litosferdə yayılan deformasiya dalğaları, Azərbaycanın cənub-şərq hissəsində yerləşən tektonik baxımdan həssas, lakin aktiv olmayan qırılmalar və palçıq vulkanlarının fəallaşması ilə müşayiət olunan yer səthi dəyişikliklərinə səbəb olub. Bu, regionda uzaq sahədə dinamik tetiklenmenin peyk texnologiyaları ilə ilk elmi nəticədir. Bu həm Azərbaycanın geodinamik təhlükələrinin daha dərindən öyrənilməsi, eləcə də qlobal miqyasda zəlzələlərin uzaq sahələrdəki təsirlərinin peyk müşahidələri ilə araşdırılması baxımından mühüm töhfə kimi qiymətləndirilir.