BAKI, 7 aprel. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Aprelin 7-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonuna çatıb.

Teleqraf xəbər verir ki, bu gün Ağdərə rayonunun Suqovuşan kəndində 53 ailə olmaqla, 185 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

***

13:54

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf xəbər verir ki, Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülüb.

Abşeron rayonundan 1 ailə (4 nəfər), Gəncə şəhərindən 3 ailə (14 nəfər) Bərdə rayonundan 7 ailə (25 nəfər) Tərtər rayonundan 42 ailə (142 nəfər) doğa yurda yola salınıblar.

Bununla da 07.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Suqovuşan kəndinə cəmi, 126 ailə (413 nəfər) köçürülmüş olur.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.