Bakının Sabunçu rayonunda 1978-ci il təvəllüdlü Əlvan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Nuranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 22-də Sabunçu rayonu, Pirşağı qəsəbəsi Gilavar sanatoriyasında baş verib.

Əlvan həmin gün gecə saat 00:30-da yaşadıqları evin həyətində qızı Nuranənin sifət nahiyəsinə əliylə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Əlvan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2004-cü ildə Samirə ilə rəsmi olaraq ailə həyatı qurub: “Birgə nikahdan Nuranə adlı qızımız, Kamal adlı oğlmuz dünyaya gəlib. Samirə ilə yola getmədiyimiz üçün 2024-cü ildə məhkəmənin qərarı ilə ayrıldıq”.

Əlvan qeyd edib ki, dekabrın 22-də gecə saat 00:30-da Samirə evə gec gəldiyi üçün ona yaxınlaşıb və evə nə üçün gec gəldiyini soruşub: “Bu zaman qızım Nuranə evdən həyətə düşərək bizə yaxınlaşdı. Məndən anamdan nə istədiyimi soruşdu. Əsəbləşərək onun sifətinə bir şillə vurdum. Nuranə 102 xidmətinə zəng edərək mənim onu döydüyümü bildirdi. Hazırda qızımla barışmamışıq. Nuranə mənim qızımdır, bir ata kimi ona vurduğuma görə peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nuranənin sözlərinə görə, atası Əlvanla anası Samirə yola getmədikləri üçün Xocalı rayon Məhkəməsinin qərarı ilə rəsmi surətdə ayrılıblar: “Bu səbəbdən atam Əlvan bizimlə qalmır. Ancaq tez-tez gələrək bizi narahat edir. Hadisə günü, gecə təxminən saat 00:30-da yaşadığımız evin həyətində səs eşitdim. Həyətə çıxanda atamın anamla mübahisə etdiyini gördüm. Yyaxınlaşıb atamdan anamdan nə istədiyini soruşdum. Atam əli ilə sifətimdən vurdu, Mən də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əlvan aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.