
BAKI, 12 aprel. TELEQRAF
Qəzzanın cənubundakı Rəfah və Xan Yunis şəhərləri arasındakı Moraq dəhlizinin İsrail ordusu tərəfindən ələ keçirilməsindən sonra müdafiə naziri İsrail Katz fələstinliləri bölgədə əməliyyatlar genişləndirilməmişdən əvvəl HƏMAS-ı aradan qaldırmağa və bütün girovları azad etməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, müharibənin yalnız bu yolla dayandırıla biləcəyini deyib.
“İsrail Müdafiə Qüvvələri Qəzzanı Rəfah və Xan Yunis arasında ayıran Moraq dəhlizinin ələ keçirilməsini başa çatdırıb və Filadelfi dəhlizi ilə Moraq arasındakı bütün ərazini İsrailin təhlükəsizlik zonasının bir hissəsinə çevirib”, - Katz vurğulayıb.
Müdafiə naziri bildirib ki, Qəzzanın şimalındakı sakinlər digər ərazilərə evakuasiya edilir:
“İsrail Müdafiə Qüvvələrinin intensiv fəaliyyəti tezliklə Qəzzanın əksər hissəsinə yayılacaq və siz döyüş bölgələrini boşaltmalı olacaqsınız. HƏMAS nə sakinləri, nə də əraziləri qoruya bilir. HƏMAS liderləri ailələri ilə tunellərdə və xaricdəki dəbdəbəli otellərdə gizlənirlər, bank hesablarında milyardlarla dollar var və sizdən girov kimi istifadə edirlər. Ayağa qalxıb HƏMAS-ı aradan götürmək və bütün israilli girovları azad etmək vaxtıdır. Bu, müharibəni bitirməyin yeganə yoludur”.
Katz əlavə edib ki, maraqlananlar könüllü olaraq dünyanın müxtəlif ölkələrinə köçə bilərlər.