BAKI, 1 aprel. TELEQRAF

2021-ci il aprel ayının 1-dən icbari tibbi sığorta çərçivəsində 78 milyon 664 mindən çox müraciət üzrə vətəndaşlara 235 milyon 242 mindən çox tibbi xidmət göstərilib.

Bu barədə Teleqraf-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tibbi xidmətin 86 faizi ambulator şəraitdə, 14 faizi isə stasionar şəraitdə göstərilib.

Agentliyin məlumatında qeyd edilib ki, ən çox müraciət edilən tibbi xidmətlər sırasında ilk yerdə ümumi tibbi baxış, profilaktik müayinələr (18 yaşa qədər), qan dövranı, endokrin, tənəffüs və həzm sisteminin xəstəlikləri ilə bağlı olub.

Ən çox icra olunan əməliyyatlar doğuş və ginekoloji proseduralar, sidik cinsiyyət, ürək-damar, oftalmoloji və həzm sistemi xəstəliklərinin cərrahi müalicəsi ilə bağlı olub.

2021-2024-cü illər ərzində icbari tibbi sığorta ilə tibbi xidmət alan pasiyentlərin sayı artan xətlə davam edib. Belə ki 2021-ci illə müqayisədə 2024-cü ildə tibbi xidmət almış pasiyentlərin sayında 29 faiz artım qeydə alınıb.

Azərbaycan icbari tibbi sığortanın ölkə üzrə tətbiqindən bu gün 4 il keçir.