
BAKI, 1 aprel. TELEQRAF
Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5.000.000,0 (beş milyon) manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən əkin sahəsinin suvarma suyu ilə təminatının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.