BAKI, 18 mart. TELEQRAF

Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Tbilisidə iftar mərasimi təşkil edilib.

Teleqraf xəbər verir ki, mərasimdə Azərbaycan və Gürcüstanın müvafiq qurumlarının nümayəndələri, yerli icra orqanlarının rəhbərləri, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təmsilçiləri, din xadimləri və icma üzvləri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Ramazan ayı münasibətilə iştirakçıları təbrik edərək, Azərbaycanın İslam dəyərlərinə və həmrəyliyinə böyük önəm və töhfə verən əsas ölkələrdən biri olduğunu, dini tolerantlığın ölkəmizdə həyat tərzinə çevrildiyini bildirib. Eyni zamanda iftar mərasiminin həmrəyliyi nümayiş etdirmək, dostluq və əməkdaşlığı təşviq etmək baxımından önəmini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov xalqlarımız arasında tarixən mövcud olan dostluq, qardaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, Azərbaycan və Gürcüstan liderlərinin müdrik siyasəti dövlətlərin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına, uğurlu sosial-iqtisadi inkişaf modellərinin qurulmasına imkan yaradıb. Soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası, onların dini etiqad azadlıqlarını təmin etmək üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu bildirib. Bu tədbirlərin ortaq dəyərlərə əsaslanan dostluq, birlik və həmrəylik bağlarını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyin sədri Zaza Vaşakmadze Azərbaycan və Gürcüstanın rəngarəng mədəni xüsusiyyətlərə məxsus müxtəlif millətlər və dinlərin nümayəndələrinin bir yerdə, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşadığı ölkələr olduğunu qeyd edib. Rustavi və Tbilisidə təşkil edilən iftar mərasimlərinin uğurlu dialoq, ortaq fikirlər və qarşılıqlı hörmətin bariz nümunəsi olduğunu söyləyib.

Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası İşçi Qrupunun rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev iki ölkə arasında əməkdaşlığın iqtisadi, sosial və siyasi baxımdan nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov Aİİ-nin fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. İnstitutun Gürcüstanın dini təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq münasibətləri barədə danışıb.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan üzrə müftisi Adəm Şantadze çıxışında həmrəylik, dostluq, qardaşlıq, habelə xeyirxahlıq baxımından iftar təşəbbüsünün əhəmiyyətini vurğulayıb, ölkələrimiz arasında dini sahədə əməkdaşlığın təkmilləşməsinin önəmi barədə fikirlərlərini bildirib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşı Vidadi Qurbanov Ramazan duası səsləndirdikdən və Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Cəlal Cəfərli tərəfindən Quran tilavəti təqdim olunduqdan sonra mərasim iştirakçıları üçün iftar süfrəsi açılıb.