BAKI, 18 mart. TELEQRAF

Bu gün Ramazan ayının ilk Qədr gecəsidir.

İnsanlara dünya və axirətdə xoşbəxt olmağın yollarını göstərən, bəşəriyyəti qaranlıqdan çıxarıb aydınlığa qovuşduran dinimizin müqəddəs kitabı Quran-Kərim Ramazan ayında, Qədr gecəsində enib.

Ramazan ayının son 10 günü - bu ayın ən əsas və əhəmiyyətli günləri sayılır. Müsəlmanlar ibadətlərini və xeyir əməllərini ayın əvvəlinə nisbətdə son 10 gündə daha da gücləndirməlidirlər. Çünki son 10 gün ilk 20 gündən daha fəzilətli və savab baxımından daha üstündür. Bu günlərdə edilən az əməlin belə, mizanda qarşılığı çox böyük olacaq.

Niyə Qədr gecəsi adlanır?

İlahiyyatçı Yaşar Qurbanov Teleqraf-a açıqlamasında deyib ki, Qədr gecəsi iki anlamda belə adlanıb.

Onun sözlərinə görə, birinci anlamda bu, qədir-qiymət, ikinci isə təqdir etmək sözündəndir. Həmin gecədə qarşıdakı bir ildə olacaq şeylərin qədəri yazılır:

"Kim bu ayın gecələrində inanaraq və qarşılığını Allahdan gözləyərək ibadət, dua edərsə, keçmiş günahları bağışlanar, dünya sıxıntıları aradan qalxar.

Bu ayın ən çox savablı günləri və gecələri son 10 gündür. Bu son 10 günün gecələri isə ilin ən üstün gecələridir. Qurani-Kərimdə bizlərə “..min aydan daha xeyirlidir” (Qədr surəsi, 3) – deyə bildirilən Qədr gecəsinin dəyərini çox yaxşı bilən Peyğəmbərimiz Ramazanın son 10 günündə daha çox ibadət edər, saleh əməllərini qat-qat artırardı. Başqa vaxtda etmədiyi qədər müxtəlif ibadətlərlə Allaha yaxınlaşmağa çalışardı”.

Son 10 gündə gecə namaz qılsaq...

“Həyatımızdakı boş vaxtlarımızı demək olar ki, hər şey üçün istifadə edirik. Bəs nəyə görə bu dəfə Rəbbimizə dua və şükür etmək üçün vaxt sərf etməyək? Heç olmasa, Ramazanın son 10 günündə Rəbbimiz üçün qalxıb gecə namaz qılsaq, Quran oxusaq, zikr etsək, dua eləsək, bunlar bizim üçün Allahın razılığına aparacaq səbəblər ola bilər. Gecəni sadəcə oyaq qalmaq kifayət deyil. Yaxud gecəni kinoya baxmaq, oyun oynamaq, lətifələr danışaraq vaxt öldürmək... Bunlardansa yatmaq daha xeyirlidir. Bu məqamları qeyd etmək çox önəmlidir. Çünki bir çox insanlar "bu gecəni oyaq keçirmək" dedikdə, onu sadəcə yatmamağa çalışaraq, oyaq qalmaq kimi anlayırlar ki, bu da böyük bir yanlışdır”, - deyə ilahiyyatçı vurğulayıb.

Qədr gecəsinin əməlləri: "Uzun dua edin"

Yaşar Qurbanov deyib ki, “bu gecə heç yatmaq olmaz”, “bütün gecəni sadəcə oyaq qalmaq lazımdır”, “canlı yayımda kimsə hər hansı əməlləri göstərməlidir ki, biz də baxıb edək”, “başa Quran qoymaq lazımdır” və digər bu kimi fikirlərin heç bir əsası yoxdur:

"Qədr gecəsi Allaha yaxınlaşmaq, zikr, dua və ibadət edərək əbədi xoşbəxtliyi əldə etmək fürsətidir”.

O, bildirib ki, Qədr gecələri üçün əməllərin siyahısını tərtib eləmək pis olmaz:

“Etmək istədiyiniz ibadətləri, duaları yazın, demək istədiyiniz zikrlərin sayına qədər proqramlaşdırın və gecənizi min aydan daha xeyirli bir şəkildə keçirin. Bu siyahı sizi faydasız söhbətlərə qoşulmağa və zamanınızı boşuna keçirməyinizə mane olacaq. Özünüz üçün dua siyahısı tərtib edin və özünüzə “Mən Allahdan nə istəyirəm?” sualını verin. Bütün istəklərinizi bir siyahı tərtib edərək oraya yazın.

“Bu istəyim olmaz. Bunu necə istəyim?” – deməyin. Allahın mərhəməti sonsuzdur və şübhəsiz ki, O, qullarının dualarına cavab verər. Siyahını tərtib etdikdən sonra aşağıdakı üç bəndə də diqqət yetirin:

1) İstəklərinizi ancaq Allahdan istəyin;
2) Bu istəkləriniz üçün nələr etdiyinizə nəzər yetirin;
3) İstəklərinizə (məqsədlərinizə) çatmaq üçün bir proqram/plan tərtib edin.

Quran oxuyun və ondan bacardığınız qədər əzbərləyin, Qurandakı mənalara diqqət yetirin, günahlardan təmizlənin, özünüzü hesaba çəkin, dualarınız uzun, ürəkdən və səmimi olsun”.

İlahiyyatçı bildirib ki, son 10 gündə aşağıdakı duanı çoxlu etmək lazımdır:

Aişə anamızdan belə nəql olunub: “Mən soruşdum: “Ey Allahın Elçisi, de görüm, hansı gecənin Qədr gecəsi olduğunu bilsəm, nə deyim?”

Peyğəmbərimiz belə buyurdu: “De: Allahummə innəkə afuvvun tuhibbul-afva fə’fu-anni”. ("Ey Allahım, şübhəsiz ki, Sən çox bağışlayansan və bağışlamağı sevirsən, məni bağışla!" Tirmizi)

Taleyin yazıldığı gecələr

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Kövsər Tağıyevin sözlərinə görə, Qədr gecəsi ibadət, dua və tövbə üçün ən münasib vaxtdır. O bu gecədə edilə biləcək ibadətləri sadalayıb:

Namaz qılmaq – Qədr gecəsində çoxlu nafilə namaz qılmaq tövsiyə olunur. Xüsusilə təhəccüd namazı qılmaq savab baxımından mühümdür.

Quran oxumaq və təfəkkür etmək – Bu gecənin Quranın nazil olduğu gecə olması onu Quran oxumaq üçün ideal vaxt edir.

Dua etmək və istiğfar (bağışlanma istəmək) – Qədr gecəsində edilən dualar qəbul olunduğuna görə bu fürsəti əldən verməmək lazımdır. Xüsusilə aşağıdakı dua Peyğəmbərimiz (s) tərəfindən tövsiyə edilib: “Allahım! Sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla!”

Allahı zikr etmək – “Subhanallah”, “Əlhəmdulillah”, “Allahu Əkbər” və “La ilahə illallah” kimi zikrləri çoxlu demək tövsiyə olunur.

"Peyğəmbərimiz (s) buyurub ki, kim Qədr gecəsini imanla və savabını Allahdan umaraq ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar".

Kövsər Tağıyev qeyd edib ki, bütün Qədr gecələrində edilən ibadət və dualar əsasən eynidir.

“Qədr gecəsinin dəqiq hansı gecəyə təsadüf etdiyi bilinmir, lakin Peyğəmbərimiz (s) onun Ramazan ayının son on günündə, xüsusilə tək gecələrdə axtarılmasını tövsiyə edib. Ən məşhur görüşə görə, xüsusilə 27-ci gecənin Qədr gecəsi olması ehtimalı daha yüksəkdir. Son on günün hər gecəsini sanki Qədr gecəsi imiş kimi ibadətlə keçirmək tövsiyə olunur. Qədr gecəsi min aydan xeyirli olduğu üçün bu gecədə edilən ibadətlər və dualar böyük savab qazandırır. Bu gecədə dua, namaz, Quran oxumaq, istiğfar etmək və zikir etmək ən mühüm əməllərdən sayılır.

Bəzi hədislərə görə, bu gecə Allah insanların taleyini müəyyən edir. Gələcək bir ilin hadisələri yazılır: ruzilər, həyat və ölüm, bədbəxtlik və xoşbəxtlik bu gecədə qeydə alınır", - deyə əlavə edib.

Ramazan ayının növbəti Qədr gecələri 20, 22 və 26 mart tarixlərinə düşür.