BAKI, 12 mart. TELEQRAF

Mən Zərdüştlə bağlı bəzi elementləri burada yox, məhz Hindistanda görəcəyimi gözləyirdim.

Teleqraf xəbər verir ki, bu sözləri Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində deyib.

Dörd elementin hamımız üçün çox vacib olduğunu deyən Şimali Makedoniya Prezidenti bildirib: “Dünən şəhərdə çərşənbə axşamı qeyd olunurdu və burada tonqal gördüm. Maraqlandım ki, bu nə üçündür? Mənə dedilər ki, çox mühüm günə - 21 marta hazırlaşırıq. Sizə səmimi-qəlbdən deyim ki, biz makedoniyalılarla siz azərbaycanlıları ümumi cəhətlər birləşdirir. Siz alov, biz isə günəşik. Günəş də atəşin simvoludur. Beləliklə, mən doğru zamanda və doğru yerdəyəm. Həqiqətən də çox sevincliyəm. Çünki bu sübut edir ki, biz insanlar harada yaşamağımızdan asılı olmayaraq, oxşarıq və ortaq cəhətlərimizin var. Həqiqətən özümü burada çox yaxşı hiss edirəm”.