BAKI, 4 mart. TELEQRAF

Ötən gün axşam saatlarında Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni - 56 yaşlı atası Məcnun, 52 yaşlı anası Gülnaz Ağayeva dəm qazından zəhərlənərək vəfat edib.

Bu gün hər iki mərhumun cənazəsi onların qohumlarının, yaxınlarının müşayiəti ilə yaşadıqları evdən götürülərək dəfn olunub.

Teleqraf-ın əməkdaşı Maştağaya ailənin yaşadığı, hadisənin baş verdiyi evə yollanıb.

Ağayevlər ailəsi dörd nəfərdən ibarət olub. Şəhid Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Maştağa qəsəbəsində anadan olub. Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Vahid subaymış.

Ötəngünkü faciədən sonra ailədə bir nəfər sağ qalıb, o da şəhidimizin əkiz qardaşı...

Köhnə tikili olan evin girişində canını vətən torpağı uğrunda şəhid verən Vahid Ağayevin şəkli və bayrağımız görünür.

İnsanlar həyətə, onun adına olan bulağın ətrafında toplaşıblar.

Bəziləri isə şəhidin evinə yığışmışdılar.

Evin həyətində mərhumların qohumları, mərhum Gülnaz xanımın iş yoldaşları, həmçinin bir neçə şəhid anası ilə söhbətləşirik.

Sabunçu Tibb Mərkəzində kiçik tibb işçisi kimi çalışan Gülnaz xanımı iş yoldaşları son mənzilə yola salmağa gəliblər.

Həmsöhbətimiz Tərifə Həsənova və İlahə Şirinovanın sözlərinə görə, son dərəcə zəhmətkeş və çalışqan işçi olan Gülnaz xanım oğlunun şəhadətindən sonra çox fikir çəkirmiş.

"Allah onun yerdə qalan tək övladına səbr versin. Bir kimsəylə işi olmayan sakit qadın idi. Həmişə deyirdi ki, işləyirəm, qalan övladıma şərait qurum, onu bir yerə çatdırım”, - İlahə Şirinova deyir.

Yaxınlarının sözlərinə görə, ailənin sağ qalan yeganə nümayəndəsi - şəhidin qardaşı xəstə deyil. Bundan əvvəl şəhid qardaşının sağlamlıq imkanlarının məhdud olduğu bildirilmişdi.

"Şəhidin anası xəstəxanada işləyirdi, amma atası işsiziydi. Mərhumların yaşa görə xəstəlikləri vardı. Amma sağ qalan oğulları, yəni şəhid Vahidin əkiz qardaşı, deyilənlərin əksinə, sağlam insandır", - şəhidin bibisi oğlu Alişan Qədirli bildirir.

Respublika Qadınlar Cəmiyyətində həssas təbəqələrlə iş departamentinin müdiri, Maştağa sakini Vəfa Hüseynovanın sözlərinə görə, ailəni dörd ilə yaxındır tanıyır:

"Ailənin övladı Vahid Ağayev 44 günlük Vətən Müharibəsində şəhid olandan sonra Gülnaz ananı, Məcnun atanı yaxından tanımışam. Bütün şəhid ailələrini diqqətdə saxladığımız kimi bu ailəyə də həmişə qayğı göstərmişik. Çox sakit ailə idi. Hər ikisinin faciəvi şəkildə vəfat eləməsi məni çox üzdü. Ailədən geridə bircə oğul qalıb. Onu himayə etmək baxımından əlimizdən gələni edəcəyik".

Şəhid analarının hər biri ailədən yeganə sağ qalan şəhidimizin əkiz qardaşının taleyini düşünürdülər. Onlar mərhum ataya verilən şəhid pulunun bundan sonra sağ qalan oğula verilməsini və ona sahib çıxılmasını istəyirlər.

Bir az sonra Məcnun və Gülnaz Ağayevayanın cənazələri yaxınlarının, dostlarının çiyinlərində son mənzilə yola salındı.