BAKI, 4 mart. TELEQRAF

Təcili tibbi yardım briqadası tərəfindən 52 və 57 yaşlı 2 nəfərin (qadın və kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.03.2025-ci il tarixində saat 18:45 radələrində Maştağa qəsəbəsi, H.Aslanov küçəsi ərazisində yerləşən həyət evindən dəm qazı zəhərlənməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd edək ki, ötən gün axşam saatlarında Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Vahid Ağayevin ana və atası dəm qazından vəfat edib. Onların dəfn mərasimi bu gün Maştağada baş tutacaq.

Xatırladaq ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb.

Baş Prokurorluqdan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.