BAKI, 9 sentyabr. TELEQRAF

Bakıda keçirilən COP29 çərçivəsində səhiyyə ilə bağlı 50-dən çox paralel tədbir keçirildi və "Vahid Səhiyyə" yanaşması üzrə müzakirələr aparıldı.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın (BCAW 2026) üçüncü günündə keçirilən "COP 31 sədrlik tədbiri - Antalyaya gedən yol: İqlim və sağlamlıq üçün yeni bir fəsil açılır" adlı tədbirdə deyib.

O bildirib ki, əsas nailiyyətlərdən biri Azərbaycan sədrliyinin COP29-da COP konfransları tarixində ilk dəfə olaraq İnsan İnkişafı Gününü elan etməsi oldu.

"İqlimə Dözümlülük üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü uşaqlar və gənclərə xüsusi diqqət yetirməklə təhsil, səhiyyə, sosial müdafiə, bacarıqlar və məşğulluq arasında sahələrarası sinergiyanı və tamamlayıcılığı əhatə edən ilk COP sədrliyi təşəbbüsüdür. Təhsil, səhiyyə, məşğulluq və bacarıqlar sahəsində ambisiyaları artırmaq və insan inkişafının iqlimə dözümlülüyü üzrə fəaliyyəti yüksəltmək məqsədilə insan inkişafı üçün istiqamət və strategiyanı müəyyən edən 12 əsas prinsipi əhatə edilir.

İqlim və Səhiyyə üzrə Sədrlik Koalisiyası BƏƏ, Misir, Braziliya və Azərbaycanın ev sahibliyi etdiyi COP sədrliyinin İqlim və Səhiyyə təşəbbüsü gələcək COP və iqlim konfranslarında səhiyyə prioritetlərini qoruyub saxlamağı hədəfləyir. Bu koalisiya əvvəlki COP-ların səhiyyə nəticələrinin icrasını irəlilətmək və səhiyyənin iqlim fəaliyyətinə inteqrasiyasını gücləndirmək istiqamətində çalışır. Bu davamlılıq gələcək COP-larda fəaliyyətlərin müntəzəm sürətdə davam etdirilməsində, səhiyyə sistemlərində iqlim fəaliyyətini vurğulamaq üçün kollektiv səylərin səfərbər olunmasında, habelə iqlim və səhiyyə təşəbbüslərinin uyğunlaşdırılması və sinerjisində mühüm rol oynayacaq", - o vurğulayıb.