BAKI, 9 sentyabr. TELEQRAF
Xalq artisti Aleksandr Şarovski vəfat edib.
Bu barədə Teleqraf-a Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
"Bu gün səhər saatlarında Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Yakovleviç Şarovski Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hərtərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat edib", - məlumatda bildirilib.
Qeyd edək ki, Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakıda anadan olub.
1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb, 1976-cı ildən isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.
Aleksandr Şarovski 1993-cü ildən sözügedən teatrın baş rejissoru olub. 50-dən çox obraz yaradıb, 50-dən artıq tamaşaya quruluş verib. “Qorxma, mən səninləyəm”, “Lətifə”, “Hökmdarın taleyi” və digər filmlərdə rol alıb.
Aleksandr Şarovski 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
O, həmçinin Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü olub.