
BAKI, 25 fevral. TELEQRAF
Yeni sübutlar göstərir ki, Mars vaxtilə təkcə okeanlara yox, həm də Günəş işığı, qum və zərif dalğalarla zəngin “kurort tipli çimərliklər”ə də ev sahibliyi edib. Tədqiqatçıların fikrincə, planetin şimal hissəsi qədim dövrlərdə həyat üçün daha əlverişli mühit təmin edən nəhəng okeanla örtülü olub.
Teleqraf "Independent"ə istinadla xəbər verir ki, yeni araşdırma planetdə vaxtilə yaşayış ola biləcəyi ehtimalını artırıb.
ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin geologiya professoru Benjamin Kardenas həmmüəllifi olduğu yeni tədqiqat haqqında deyib:
“Marsda qədim çimərliklər və çay deltalarına bənzəyən yerlərə rast gəlirik. Həmin məkanlarda külək, dalğa və ya qum çatışmazlığının olmadığına dair sübutlar tapdıq, bunlar kurort tipli çimərliklərə uyğun gəlir”.
Bu, planetə göndərilən və 2021-ci ildə eniş edən Çinin “Zhurong” adlı Mars roverindən alınan məlumatlar sayəsində mümkün olub. Rover Marsın dərinliyini yoxlaya bilən radar daşıyıb. Aşağı və yüksək tezlikli radarlardan istifadə edərək, kosmik aparat dərinlikdəki süxurları görə bilib.
Məlumatları araşdıran tədqiqatçılar Marsın altında vaxtilə okeanın mövcud olduğunu göstərən gizli təbəqələr tapıblar. Radar məlumatları Yerdəki çimərliklərə bənzər quruluşu göstərir. Bu, dalğaların çöküntüləri su hövzəsinə daşıması nəticəsində əmələ gələn və okeana doğru enən yataqların strukturuna bənzəyir.
“Bu, dalğaların varlığına işarə etdiyi üçün dərhal diqqətimizi çəkdi, yəni hava ilə su arasında dinamik əlaqə olub”, - Kardenas vurğulayıb.
Yerdəki ilk həyatın harada inkişaf etdiyinə baxdıqda, okeanlar və quru arasındakı qarşılıqlı əlaqəni görürük, ona görə də, bunlar mikrob həyatı üçün əlverişli şəraitə sahib ola biləcək qədim yaşayış məkanlarının izləri ola bilər.
Tədqiqat göstərir ki, Mars vaxtilə indikindən qat-qat nəm olub. Elm adamları hesab edirlər ki, planet nəhəng okeanı ilə birlikdə, bəlkə də on milyonlarla il ərzində isti və rütubətli olub, bu müddətdə yadplanetlilərin həyatını dəstəkləmiş ola bilər.
Araşdırmanın müəlliflərindən biri və Kaliforniya Universitetinin yer və planet elmləri professoru Maykl Manqa söyləyib:
“Zhurong” roverinin məlumatları planetin geoloji tarixini tamamilə yeni şəkildə anlamağa imkan verir”.