
BAKI, 15 fevral. TELEQRAF
Bu il Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 9,2 min işsiz və işaxtaran şəxsin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır.
Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proqram iştirakçıları üçün ilk növbədə təlim kursları təşkil olunaraq, onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilir.
Kursları uğurla başa vuran şəxslər seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təmin edilməklə, onlar üçün kiçik təsərrüfatlar qurulur.
Qeyd edilib ki, ümumilikdə ötən dövrdə 95 mindən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.