BAKI, 11 fevral. TELEQRAF

Bu gün rəqəmsal mühitdə uşaqların ən çox üzləşdiyi təhlükə bullinqdir.

Teleqraf xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və tədqiqat sektorunun əməkdaşı Fatimə Həbibova Beynəlxalq Təhlükəsiz İnternet günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin canlı efirində "Uşaqların zərərli informasiyadan qorunması və internet təhlükəsizliyi" mövzusundakı müzakirədə deyib.

O bildirib ki, bunun əsas səbəblərindən biri şifrə tənzimlənməsinin düzgün olmamasıdır:

“Rəqəmsal dünyada müsbət olduğu kimi mənfi situasiyalar da mövcuddur. Gündəlik əl-üzümüzü yuyub şəxsi gigiyenamızı qoruyuruqsa, kibergigiyena qaydaları ilə də şəxsi təhlükəsizliyimizin qeydinə qalıb onu qorumalıyıq. Uşaqların təhlükə ilə üzləşməsinin əsas səbəblərindən biri sadə şifrələrdən istifadə etmələri, şəxsi məlumatları sosial mediada paylaşmalarıdır”.

O qeyd edib ki, mürəkkəb şifrə istifadə edilməli, tez-tez şifrə yenilənməlidir, şəxsi məlumatlara qarşı həssas yanaşılmalıdır:

“Həmçinin valideyn övladına düzgün istifadə qaydalarını başa salmalı, yaş kateqoriyasına diqqət etməlidir. Uşaqlar mobil cihazlarda oyunlara giriş etməmişdən öncə valideyn bunu yoxlamalıdır. Uşağın kiminlə əlaqədə, ünsiyyətdə olduğunu bilməlidir”.

Fatimə Həbibova kiberbullinqin yaranma formalarından birinin oyunlar olduğunu deyib:

“Bir çox oyunlarda manipulyasiya olur və bu, psixoloji cəhətdən uşağa zərər verə bilər. Belə hallarda uşaq aqressivləşir. Əgər uşaq bullinqə məruz qalıbsa, valideyn onu dinləməlidir, araşdırma aparmalı, sübutlar toplamalı və lazımi qurumlara müraciət etməlidir. Əsas problem uşağı dinləməmək, görməməkdir. Buna görə də uşağı dinləmək və hərəkətini incələmək lazımdır”.