BAKI, 11 fevral. TELEQRAF

“Bu vaxta qədər ölkəmizdə iki nəfərə beyin ölümü diaqnozu qoyulmuşdusa, indi bu say 5-ə çatıb”.

Bunu Teleqraf-a müsahibəsində Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, indiyə kimi beyin ölümü gerçəkləşən dörd şəxsin ailə üzvləri onların orqanlarının transplantasiya məqsədi ilə götürülməsinə razılıq verməyiblər.

“Biri isə İran vətəndaşı idi, orqanlarını da bağışlamışdı, amma ölkəmizdə turist olduğuna görə onun orqanlarını götürə bilmədik.
Türkiyədə 30 il, İspaniyada 10 il bu məsələyə yox deyiblər. Amma bu, ötən əsr idi. İndi 21-ci əsrdəyik və mən inanıram ki, 2025-ci ildə Azərbaycanda ilk meyit orqan olacaq”.

Yeganə Abbasova beyin ölümü diaqnozunu qoyan reanimatoqların azlığından da danışıb:
“Biz bu diaqnozun qoyulması üçün işlər aparırıq: danışırıq, konfranslar keçiririk, reanimatoloqlarla görüşürük. Xaricdə işləyən və oxuyan reanimatoloqlarımız bunu çox gözəl bilirlər.
Təəssüflə deməliyəm, elə reanimatoloqlarımız var ki, Azərbaycanda bu sistemin heç vaxt gerçəkləşməyəcəyini, üstəlik "kimsə orqanını verməz, hətta mən özüm də" deyirlər. Mən isə düşünürəm ki, Azərbaycan vətəndaşları humanistdirlər, istiqanlıdırlar və biz kiməsə təmənnasız kömək etmək istəyində, iqtidarındayıq. Şəxsən mən xoşbəxt olardım ki, öləndə hissəciklərimiz on nəfəri yaşatsın. Və onlar orqanın kim tərəfindən verildiyini bilməyəcəklər. Bu, ən böyük savablardan biridir”- Yeganə Abbasova bildirib.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.