BAKI, 11 fevral. TELEQRAF

Qış fəsli olmasına baxmayaraq, Azərbaycanda havalar son bir neçə günü nəzərə almasaq mövsüm normalarından fərqli olaraq, əsasən yağmursuz və mülayim keçir. Bölgələrdə qısamüddətli qar yağsa da, Bakı hələki, qara həsrət qalıb. Bəs havaların belə keçməsinin səbəbi nədir və bu özü ilə hansı fəsadları gətirir?

Mövzu ilə bağlı Teleqraf-a danışan AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov bunun səbəblərini belə izah edib:

“Qış aylarında havanın mülayim keçməsinin əsas səbəbi qlobal istiləşmədir. Planetin ayrı-ayrı regionlarında ümumi temperatur artır. Ancaq ayrı-ayrı illərdə bir qədər tərəddüdlər müşahidə olunur. Bəzən elə il olur ki, qış ayları mülayim keçir. Növbəti il isə sərt olur. Temperaturun dəyişməsi hava kütlələrinin haradan daxil olması ilə əlaqəlidir. Şimal-qərbdən, şimal şərqdən daxil olursa, hava soyuyur. Əksinə cənubdan, cənub-şərqdən gəlirsə temperatur yüksəlir.

Adətən bizə qərb tərəfdən hava kütləsi daxil olduqda hava sərinləyir, yağıntılar olur. Hazırda Altantik Okeanının temperaturu normadan artıq olduğu üçün qərb hava kütlələri isti hava gətirir. Yanvar ayında temperaturun yuxarı qalxmasına səbəb artıq öz fəaliyyətini dayandıran termal effektli El-Ninyo hadisəsi idi".

Səid Səfərov artıq ölkəmizə soyuq hava kütlələrinin daxil olduğunu vurğulayıb:

"Şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub. Amma soyuq hava kütlələri ölkəyə girsə də, onlar kontinental olduğu üçün yağıntı az olacaq. Çünki quru hava kütlələri daxil olur. Bəzi regionlara yağıntılar düşə bilər. Amma bu, bütün ölkə ərazisini əhatə etməyəcək".

Soyuğun anidən düşməsi...

Alim qışda yağıntının az olmasının fəsadlarından da danışıb: "Yağıntının az düşməsi payızlıq əkinlərə xüsusən taxıla pis təsir edir. Yanvar ayında havanın normadan yüksək olması təsərrüfatlara zərər vurub. Soyuğun anidən düşməsi məhsuldarlığı azaldacaq. Bəzi ağaclar artıq oyanmağa başlayıb. Martda soyuq düşəndə ağacların çiçəkləri töküləcək.

Qışda havanın mülayim olması ziyanvericilərin, siçovulların sayını artırır. Ağaclarda, bitkilərdə xəstəliklərin yaranmasına səbəb olur və onları zəiflədir”.

Son 50 ildə Bakı və Sumqayıtda...

Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevin sözlərinə görə, qış sərt üzünü fevral ayında göstərir:

"Ölkəmizdə kəskin soyuq hava şəraiti adətən fevral ayında müşahidə edilir. Bu qış da eyni hal təkrarlanır. Qış aylarının yağmursuz keçməsi isə atmosfer yağıntılarının miqdarındakı dəyişikliklə bağlıdır. Sinoptik xəritələri təhlil edəndə görürük ki, son 50 ildə Bakı və Sumqayıtda yanvar, fevral aylarında yetərincə yağıntı olmayıb. Ümumiyyətlə, 30-40 ildən bir quraqlıqla keçən və yağıntının çox olduğu illərin növbələşməsi baş verir".

Ənvər Əliyevin sözlərinə görə bu il qış aylarında yağıntının az olması ciddi narahatlıq doğurmamalıdır. Çünki payız kifayət qədər yağmurlu keçib:

"Bu il payızın sonu, qışın əvvəlində güclü yağışlar yağdı. Ağaclar, bitki örtüyü su normasını yetərincə qəbul edib. Ona görə də bu ili rütubətli il kimi qiymətləndirmək olar".